26 
Dek
2025
10:33
297

Dövlət büdcəsinə təxminən 4 milyon lari ziyan vurulması faktı üzrə səkkiz nəfər saxlanılıb

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti 2021–2024-cü illərdə dövlət büdcəsinə külli miqdarda ziyan vurulması faktı üzrə səkkiz nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. 

Qurumun yaydığı məlumata görə, saxlanılan şəxslər Svanetidən ölkənin müxtəlif regionlarına ümumilikdə 102 milyon lari dəyərində ağac materialının daşınmasını və satışını həyata keçiriblər.

Rəsmi açıqlamada bildirilir ki, Gürcüstan Prokurorluğu ilə koordinasiyalı şəkildə aparılan operativ-istintaq tədbirləri nəticəsində təşkilatlanmış qrupun dələduzluq yolu ilə dövlət büdcəsinə 3 milyon 926 min 261 lari məbləğində ziyan vurduğu müəyyən edilib. İstintaq çərçivəsində məlum olub ki, qrup üzvləri cinayət sxemi quraraq onlarla şirkət təsis ediblər və həmin şirkətlər vasitəsilə ağac materialının daşınması və sonradan satışı həyata keçirilib.

Araşdırma zamanı müəyyən edilib ki, 2021–2024-cü illər ərzində Svanetidən Gürcüstanın müxtəlif bölgələrinə təxminən 130 min kubmetr ağac materialı daşınıb və bazarda realizə olunub. Satış prosesi zamanı əlavə dəyər vergisi üzrə təqdim edilən bəyannamələrdə saxta məlumatların göstərilməsi yolu ilə dövlət büdcəsinə xüsusilə böyük məbləğdə ziyan vurulub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə aparılır və bu maddələr 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Maliyyə Nazirliyinin İstintaq Xidməti təşkilatlanmış cinayət fəaliyyətində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirlərini davam etdirir. Eyni zamanda, dövlət büdcəsinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüldüyü, istintaq gedişində ziyanın məbləğinin artmasının da istisna olunmadığı qeyd edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər