23 
Dek
2025
11:26
295

Keçmiş DTX rəhbəri saxlanıldı

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze Prokurorluqda keçirilən brifinqdə məlumat verib.

Baş prokurorun sözlərinə görə, Liluaşviliyə Prokurorluğun icraatında olan bir neçə cinayət işi üzrə xüsusilə külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Bildirilib ki, prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək.

Rəsmi açıqlamaya əsasən, Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində Liluaşvilinin bir neçə epizod üzrə rüşvət aldığı müəyyən edilib. Birinci epizod 2022-ci ilin oktyabr ayına aiddir. İddia olunur ki, Liluaşvili Türkiyəli investor Çağatay Ülkerdən, iqtisadiyyat və davamlı inkişaf nazirinin həmin dövrdəki birinci müavini Romeo Mikautadze vasitəsilə 1 milyon ABŞ dolları rüşvət alıb. Bunun müqabilində külək elektrik stansiyalarının tikintisi ilə bağlı əməkdaşlıq memorandumunun imzalanmasına lobbiçilik etdiyi bildirilir.

İkinci epizod 2022-ci ilin fevral ayına təsadüf edir. Bu halda da Romeo Mikautadzenin vasitəçiliyi ilə “Expressservice 2008” şirkətinin təsisçisi Giorgi Xajaliadan qazlaşdırma tenderlərində kömək qarşılığında 1 milyon 500 min lari rüşvət alındığı iddia olunur.

Üçüncü epizod 2021–2023-cü illəri əhatə edir. Prokurorluğun məlumatına görə, ölkədə dələduzluqla məşğul olan onlarla çağrı mərkəzinin fəaliyyəti davam edib. Şahid ifadələrinə əsasən, bu mərkəzlərin əksəriyyəti əldə etdikləri gəlirlər hesabına müxtəlif müxalif media qurumlarını maliyyələşdirib. Daha az sayda çağrı mərkəzinin əsas himayədarı isə Qriqol Liluaşvili olub və bu himayəçilik onun qohumu Sandro Liluaşvili vasitəsilə həyata keçirilib. Nəticədə Liluaşvilinin bu sxem çərçivəsində təxminən 1 milyon 365 min ABŞ dolları məbləğində rüşvət aldığı bildirilir.

Prokurorluq eyni zamanda istintaqın bu sxemdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində davam etdirildiyini və versiyalardan birinə görə, Liluaşvilinin müxalif media qurumlarını maliyyələşdirən saxta çağrı mərkəzlərinin mövcudluğunun gizlədilməsini təmin etdiyini açıqlayıb. Qarşılığında isə həmin media qurumlarının bu çağrı mərkəzləri barədə məlumat yaymadığı iddia olunur.

Dördüncü epizodda isə Liluaşvilinin vəzifə səlahiyyətlərindən istifadə edərək, rüşvət qarşılığında dostu, Tbilisi Şəhər Meriyasının Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin sabiq direktoru Kaxa Qvantseladzeni himayə etdiyi bildirilir. İddialara görə, Qvantseladze uşaq bağçaları üzrə satınalma müqavilələri zamanı sahibkarlardan xüsusilə külli miqdarda qanunsuz ödənişlər alıb. Bu sxemdə agentliyin maliyyə və monitorinq əməkdaşlarının da iştirak etdiyi və onların barəsində cinayət məsuliyyətinə cəlb edilmə barədə qərar çıxarıldığı bildirilib.

İstintaq çərçivəsində yüzlərlə istintaq hərəkətinin aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, video və audio materiallar daxil olmaqla mühüm sübutların əldə edildiyi qeyd olunub. Liluaşvili Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin müvafiq bəndləri ilə ittiham olunur ki, bu maddələr 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Baş prokuror bildirib ki, istintaq Qriqol Liluaşvilinin mümkün digər cinayətlərinin və onunla birgə hərəkət etmiş şəxslərin aşkar edilməsi məqsədilə davam etdirilir. Qeyd edək ki, saxlanılmadan əvvəl Liluaşvili Prokurorluğa dindirilmək üçün çağırılmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər