İstixana qazlarının emissiyasına səbəb olan fəaliyyətlər üçün məcburi icazə tətbiq ediləcək
İstixana effektinə səbəb olan qazların emissiyasına yol açan fəaliyyətlər məcburi şəkildə avtorizasiyaya cəlb olunacaq.
InterPress.ge xəbər veri ki, bununla yanaşı, bu cür fəaliyyətlər üzrə monitorinqin aparılması, hesabatlılıq və təsdiqləmə də icbari olacaq.
Hökumət tərəfindən hazırlanmış müvafiq qanunvericilik paketi parlamentin müzakirəsinə çıxarılıb. Qanun layihəsinə əsasən, istixana qazlarının emissiyasına dair avtorizasiyanı Ətraf Mühitin Milli Agentliyi verəcək. Aviasiya fəaliyyəti ilə bağlı emissiyalar üzrə avtorizasiya verən qurum isə Mülki Aviasiya Agentliyi olacaq.
Hökumətin məlumatına görə, Gürcüstan ərazisində fəaliyyəti bu qanunun tənzimləmə dairəsinə düşən 46 hüquqi şəxs mövcuddur.
Qanun layihəsinə əsasən, yanacaq yandırılması ilə bağlı fəaliyyəti olan və ümumi nominal istilik gücü 20 meqavattdan çox olan qurğular, mineral yağların emalı, koks istehsalı, metal filizlərinin qovrulması və ya aqlomerasiyası, o cümlədən pelletləşdirmə, saatda 2,5 tondan artıq istehsal gücünə malik fasiləsiz tökmə də daxil olmaqla çuqun və ya polad istehsalı, qara metalların istehsalı və ya emalı, ilkin və ikinci alüminium istehsalı, əlvan metalların istehsalı və emalı, sement klinkerinin yüksək məhsuldarlıqlı sobalarda istehsalı, əhəng, dolomit və ya maqneziumun kalsinasiyası, şüşə və şüşə liflərinin istehsalı, keramik məmulatların yüksək həcmdə istehsalı, mineral pambıq izolyasiya materiallarının hazırlanması, gipsin qurudulması və emalı, sellüloza, kağız və karton istehsalı, karbon qara istehsalı, azot turşusu, adipin turşusu, qlioksal və qlikoksil turşusu, ammonyak və digər üzvi kimyəvi maddələrin istehsalı, natrium karbonat və natrium bikarbonatın istehsalı, həmçinin karbon qazının geoloji saxlanma məqsədilə nəqli və saxlanması məcburi avtorizasiya tələb edən fəaliyyətlər sırasına daxil edilib.
Bundan əlavə, istixana qazlarının emissiyası ilə bağlı məcburi avtorizasiya və monitorinq tələbi aviasiya fəaliyyətlərinə də şamil olunacaq. Bu, Gürcüstan ərazisində yerləşən aerodromlardan qalxan və ya enən bütün uçuşlara aid ediləcək.
Eyni zamanda, rəsmi səfərlər çərçivəsində dövlət başçılarının, hökumət rəhbərlərinin, nazirlərin, monarxların və onların ailə üzvlərinin daşınması məqsədilə həyata keçirilən uçuşlar, hərbi, gömrük və polis uçuşları, axtarış-xilasetmə, yanğınsöndürmə, humanitar və tibbi yardım məqsədli uçuşlar, yalnız vizual uçuş qaydaları ilə icra olunan reyslər, eyni aerodromdan qalxıb yenidən ora enən uçuşlar, təlim və elmi-tədqiqat məqsədli uçuşlar, eləcə də maksimum uçuş çəkisi 5 700 kiloqramdan az olan hava gəmilərinin reysləri bu tələblərdən istisna ediləcək.


