Bu qanunu pozanlar cərimələnəcək və ya həbs olunacaq
Yeni ilin bayram günlərinin yaxınlaşması ilə paralel olaraq, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları iynəyarpaqlı bitkilərin qanunsuz əldə olunması və daşınmasına nəzarəti sərtləşdirir.
Nazirliyin yaydığı məlumata görə, Milli Meşə Agentliyi əhaliyə bir daha müraciət edərək təbii sərvətlərin məhv edilməməsini və süni yolka ağaclarından istifadə olunmasını tövsiyə edir.
Milli Meşə Agentliyinin rəhbəri Kaxa Tsertsvadzenin sözlərinə görə, iynəyarpaqlı ağacların qanunsuz kəsilməsi, daşınması və satış qaydalarının pozulması ilk hal üzrə 2000 lari məbləğində cərimə ilə nəticələnir. Qaydanın təkrar pozulması isə cinayət məsuliyyəti yaradır. Eyni zamanda, ətraf mühitə vurulan zərər hesablanır. Əgər dəyən zərər 1000 larini keçərsə, şəxs barəsində cinayət işi başlanır və cəza olaraq cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Qanunsuz şəkildə böyük həcmdə iynəyarpaqlı ağacların kəsilməsi zamanı ətraf mühitə vurulan zərər 3000 larini keçərsə, bu halda 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Onun sözlərinə görə, aşkar edilən hər bir qanun pozuntusu üzrə qanunvericiliklə müəyyən edilmiş sanksiyalar icra ediləcək.
Məlumatda qeyd olunur ki, iynəyarpaqlı ağacların qanuni şəkildə əldə edilməsi tingliklərdə, plantasiyalarda, həyətyanı sahələrdə, eləcə də idxal yolu ilə mümkündür.
Qanuni yolla əldə edilmiş ağacların satışı zamanı satıcı müvafiq sənədlərlə ağacın qanuni mənşəyini təsdiqləməlidir. Əgər iynəyarpaqlı bitki şəxsi mülkiyyətdə olan torpaq sahəsində və ya süni şəkildə salınmış tinglikdə yetişdirilibsə, onun daşınması üçün yerli bələdiyyənin meriyası tərəfindən verilən mənşə haqqında arayışın təqdim edilməsi məcburidir.


