UNESCO “Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar”ı qeyri-maddi irs siyahısına daxil edib
UNESCO “Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar”ı Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Qərar Hindistanın Nyu-Dehli şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 20-ci sessiyasında qəbul olunub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayıb.
Parlamentin məlumatına görə, sessiyada Gürcüstan parlamentinin nümayəndə heyəti Parlamentin sədr müavini Nino Tsilosaninin rəhbərliyi ilə iştirak edir. Heyətin tərkibinə Parlamentin Kənd Təsərrüfatı Komitəsinin sədri Gela Samxarauli və deputat Rima Beradze daxildir.
Bildirilir ki, UNESCO-nun bu qərarı buğda ilə bağlı ənənələrin və ritualların beynəlxalq səviyyədə tanınması, gürcü xalqının əsrlər boyu topladığı bilik və təcrübənin qiymətləndirilməsi, həmçinin yerli endemik buğda növlərinin əhəmiyyətinin vurğulanması baxımından xüsusi önəm daşıyır. Dünyada təsvir olunan 27 mədəni və yabanı buğda növündən 14-ü Gürcüstanda aşkarlanıb və onlardan 5-i endemikdir.
Qeyd olunur ki, “Gürcü buğda mədəniyyəti” 2018-ci ildə milli əhəmiyyətli kateqoriyaya daxil edilib, qeyri-maddi mədəni irs abidəsi statusu alıb və dövlət reyestrinə salınıb. “Gürcü buğda mədəniyyəti: ənənələr və rituallar” abidəsinə 2024-cü il 27 mart tarixli Gürcüstan hökumətinin qərarı ilə milli əhəmiyyət statusu verilib.


