04 
Dek
2025
16:08
599

Dövlət universitetlərində qrant sistemi ləğv olunur- Yeni Qərar

2026-cı ildən etibarən Gürcüstanda ali təhsilin maliyyələşdirilməsi modelində köklü dəyişikliklər qüvvəyə minir.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil naziri Givi Mikanadze bildirib.

Mikanadzenin sözlərinə görə, qrant və vauçer əsaslı maliyyələşdirmə sistemi ləğv ediləcək və dövlət universitetlərinə qəbul olunan bütün tələbələrin təhsil haqqı tam şəkildə dövlət tərəfindən ödəniləcək.

Nazirin sözlərinə görə, bu dəyişiklik yalnız gələcəkdə qəbul olunacaq tələbələrə şamil ediləcək. Hazırda ali məktəblərdə təhsil alan tələbələrin maliyyələşdirmə qaydası onların tədris dövrü başa çatana qədər dəyişməyəcək və onlar mövcud qrant sistemi ilə “müddətli rejimdə” təhsillərini davam etdirəcəklər.

“Hazırda ikinci kursdan və daha yuxarı kurslarda oxuyan tələbələr üçün dəyişiklik olmayacaq. Lakin yeni qəbul olunanlar üçün nə vauçer, nə də qrant maliyyələşməsi mövcud olmayacaq. Həm dövlət, həm də özəl universitetlərə şamil edilən əvvəlki mexanizmlər ləğv edilir.”- Givi Mikanadze bildirib.

Nazir əlavə edib ki, bundan sonra dövlət universitetləri öz maliyyə tələblərini hökumətə təqdim edəcək və dövlət bu tələblərə uyğun olaraq maliyyələşmə ayıracaq. Maliyyələşmə həm əməkhaqqı fondu, həm də maddi-texniki bazanın gücləndirilməsi kimi istiqamətləri əhatə edəcək. Qeyd olunub ki, qarşıdakı 3–4 il bu sistem üçün keçid dönəmi olacaq.

Mikanadze vurğulayıb ki, yeni modelin mahiyyəti təhsili daha əlçatan etməyə yönəlib:

“Faktiki olaraq, kim qəbul imtahanını keçəcək, onun üçün ali təhsil pulsuz olacaq.”

Bununla belə, nazir qeyd edib ki, 2026-cı ildən özəl universitetlərə daxil olan tələbələr üçün dövlət maliyyələşməsi artıq verilməyəcək.

Bizimlə əlaqə saxlayın