70 yaşlı şəxsin evinə girib onu öldürməklə hədələyib pul tələb etdilər
Mtsxeta-Mtianeti Polis Departamentinin Mtsxeta rayon polis idarəsinin Sağuramo bölməsinin əməkdaşları quldurluq faktını “isti izlərlə” açıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, qrup halında törədilmiş quldurluqda ittiham olunan, əvvəllər məhkum edilmiş iki şəxs – 1968-ci il təvəllüdlü G.J. və 1978-ci il təvəllüdlü L.M. saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Mtsxeta bələdiyyəsinin Sağuramo kəndində saxlanılan şəxslər evdə tək olan 1956-cı il təvəllüdlü V.X.-ə hücum ediblər, onu döyüblər və ölüm təhdidi ilə pul tələb ediblər. Zərərçəkmişin bədənində müxtəlif xəsarətlər aşkarlanıb və tibbi yardım göstərilməsi üçün o, klinikaya aparılıb.
Aparılan istintaq tədbirləri nəticəsində hər iki şübhəli şəxs hadisədən dərhal sonra saxlanılıb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci və 3-cü hissələrinin “b” bəndləri ilə aparılır. Həmin maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


