04 
Dek
2025
12:04
230

Pimen Quruaşvili: “Bu tədqiqat hazırkı mərhələdə heç bir elmi nəticə çıxarmağa imkan vermir”

Konnektikut Universitetinin assistent-professoru və “Sosiete Kartuli” təşkilatının üzvü olan həkim Pimen Quruaşvili BBC süjetinin istinad etdiyi tibbi araşdırmanı qiymətləndirib.

IntetPress.ge xəbər verir ki, onun sözlərinə görə, tədqiqatın metodologiyası və iştirakçı sayı səbəbindən əldə olunan nəticələrdən hər hansı konkret və elmi cəhətdən etibarlı qənaət çıxarmaq mümkün deyil.

Quruaşvili bildirir ki, tədqiqatda əsas statistik fərqlər kardiogram göstəricilərində — xüsusilə RBBB (sağ ayaqcığın blokadası) və T dalğasının inversiyası kimi dəyişikliklərdə qeydə alınıb. O qeyd edir ki, müəlliflər bəzi mümkün patoloji səbəbləri göstərsələr də, RBBB və T dalğası inversiyasının əhali arasında çox rast gəlinən digər səbəblərini ümumiyyətlə qeyd etməyiblər.

Həkim əlavə edir ki, bu dəyişikliklərin əksəriyyəti sağlam insanlarda, xüsusilə idmançılarda, arıq gənclərdə və ya yaşla bağlı təbii proseslər nəticəsində ortaya çıxa bilər. Onun sözlərinə görə, tədqiqatda RBBB-nin hansı növünün — tam, yoxsa natamam — qeydə alındığı da dəqiqləşdirilməyib və bu, nəticələrin düzgün interpretasiyası üçün son dərəcə vacibdir.

Quruaşvili həmçinin tədqiqatda seçmə qərəzi (selection bias) ehtimalına diqqət çəkir. O bildirir ki, araşdırmanın bir müəllifi etirazçı olub və bu, iştirakçıların seçimində maraq toqquşması ehtimalını artırır. Həkim sual edir: nə üçün nəzarət qrupunun iştirakçıları demək olar ki, iki dəfə az seçilib və onların tibbi keçmişi məlum deyil? Onun fikrincə, hər iki qrupun əvvəlki kardiogram nəticələri təqdim olunsaydı, müqayisə daha etibarlı olardı.

Həkim deyir ki, müəlliflərin özləri də araşdırmada iştirak edənlərin sayının səbəb-nəticə əlaqəsini müəyyən etmək üçün kifayət etmədiyini etiraf edirlər. Bu baxımdan Quruaşvilinin fikrincə, tədqiqat bu mərhələdə heç bir ciddi və elmi əsaslı nəticə çıxarmağa imkan vermir.

“Müəlliflər özləri də etiraf edirlər ki, tədqiqatda iştirakçı sayı çox azdır və səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək mümkün deyil. Buna görə də bu araşdırma əsasında heç bir ciddi nəticə çıxarmaq olmaz.”-o, bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər