Tbilisidə “Ərəb şəhərlərinə yox” şüarı ilə etiraz aksiyası keçirilir
Rustaveli prospektində, keçmiş “Rustaveli” kinoteatrının qarşısında yerləşən Eagle Hills şirkətinin ofisi önündə “Ərəb şəhərlərinə yox” adlı etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, aksiyanın təşkilatçıları “Sartuli”, “Gürcü Respublikası”, “Milli Razılıq” və “Vətəndaş Razılığı” adlı dörd birlikdir.
Aksiyanın təşkilatçılarından biri, “Gürcü Respublikası” siyasi hərəkatının lideri Levan Niqşianidzenin sözlərinə görə, etirazın əsas səbəbi ərəb şirkəti ilə imzalanmış müqavilədir.
“Bir neçə tələb ilə toplaşmışıq. İlk növbədə, üzərində məxfilik qrifi olan və kommersiya məqsədi ilə əsaslandırılan müqavilənin açıqlanmasını tələb edirik. Müqavilənin tərəfi gürcü xalqıdır və gürcü xalqı müqavilədə nə yazıldığını bilməlidir. Buna görə də tələb edirik ki, xalqın razılığı olmadan layihənin icrasına başlanılmasın.”-o bildirib.
Niqşianidze bildirib ki, etiraz paralel olaraq imza toplama prosesi ilə müşayiət olunur və qısa müddətdə bir neçə yüz imza toplanıb. Onun sözlərinə görə, imza toplama davam etdiriləcək və layihənin “gürcü xalqının iradəsi nəzərə alınmadan həyata keçirilməsinə” etiraz ediləcək.
Aksiyaya həmçinin artıq bir ilə yaxındır parlament binası qarşısında fasiləsiz etiraz edən vətəndaşlar da qoşulublar.


