ABŞ Senatında “MEGOBARI Aktı” ilə bağlı təşəbbüs yenidən bloklandı
ABŞ Senatının çoxluq lideri, Nümayəndələr Palatasının spikerinin “MEGOBARI Aktı”nın Milli Müdafiə Səlahiyyətləri Aktına (NDAA) əlavə olunması ilə bağlı müraciətini bloklayıb.
InterPress.ge xəbər verir ki,bu barədə The Hill nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson (Respublikaçı Partiya) ötən ay Senatın çoxluq lideri Con Tuniə (Respublikaçı Partiya) şəxsi xahişlə müraciət edib. Son üç ay ərzində bu, Tuninin “MEGOBARI Aktı”nın NDAA-ya daxil edilməsini ikinci dəfə əngəlləməsidir.
The Hill yazır ki, Mayk Consonun aktın dəstəklənməsi üçün təşəbbüs göstərməsi gözlənilməz olub.
“Spiker Consonun lobbiçilik etməsi müsbət addım idi, amma tamamilə gözlənilməz baş verdi. Düşünürdük ki, Tuninin sentyabrda bloklamasından sonra qanun layihəsi artıq ölüb. Spikerin müraciətindən istifadə edərək onu son anda NDAA-ya əlavə etməyə çalışdıq, lakin Tuninin müqavimətini aşa bilmədik”, – deyə bir konqresmenin köməkçisi nəşrə bildirib.
Mənbələrin məlumatına görə, Conson 21 noyabrdan etibarən köməkçilərinə həm respublikaçılar, həm də demokratlarla əlaqə saxlayaraq aktın NDAA-ya əlavə olunması üçün dəstək toplamağı tapşırıb.
“Tuninin cavabı qəti şəkildə ‘yox’ oldu”, – köməkçilərdən biri bildirib.
Qeyd edək ki, The Hill hələ sentyabr ayında yazmışdı: Senatın çoxluq lideri Con Tuni “MEGOBARI Aktı”nın ABŞ-ın Milli Müdafiə Səlahiyyətləri Aktına əlavə olunmasını senator Markueyn Mallinin (Respublikaçı Partiya) tələbi ilə bloklayıb.


