BBC-nin yaydığı məqalə ilə bağlı toksikoloq: “Tibbini siyasətə alət etmək cinayətdir – heç kim bizə müraciət etməyib”
BBC-nin yayımladığı süjetdən sonra yaranan müzakirələr fonunda toksikoloq Temuraz Kobidze açıqlama verib və bildirib ki, nə ötən il, nə də bu il Toksikoloqlar Assosiasiyasına heç bir müraciət daxil olmayıb. Onun sözlərinə görə, mövzu ilə bağlı yayılan bəyanatlar və səhiyyə sahəsinin siyasətə alət edilməsi qəbuledilməzdir.
Kobidzenin açıqlamasına görə, Assosiasiyaya nə qeyri-hökumət təşkilatları, nə təşəbbüskar şəxslər, nə də xarici mütəxəssislər tərəfindən hər hansı sorğu göndərilməyib.
“Toksikoloqlar Assosiasiyası olaraq rəsmi şəkildə bəyan edirik ki, nə ötən il, nə də bu il bizə heç bir müraciət olmayıb. Heç bir QHT, təşəbbüskar və ya xarici həmkar bu mövzuda bizimlə əlaqə saxlamayıb,” – deyə Kobidze bildirib.
O, bəzi həkimlərin mediada səsləndirdiyi qeyri-kompetent açıqlamaların cəmiyyətdə əlavə gərginlik yaratdığını vurğulayıb:
“Son günlər müxtəlif ixtisaslara malik, lakin toksikoloq olmayan həkimlərin mediada verdiyi yanlış şərhlər və çağırışlar cəmiyyətdə əlavə stress və gərginlik yaradır. Bu, məsuliyyətsiz və təhlükəli davranışdır.”
Kobidze həmkarlarına tibbi sertifikatlaşdırma qaydalarını xatırladıb:
“Bir daha xatırladıram ki, ölkədə tibbi ixtisaslar üzrə sertifikatlaşdırma mövcuddur. Həmin sahədə sertifikatı olmayan həkim kompetent hesab edilə bilməz. Media qarşısında çıxış edən şəxs ən azı sahənin əsaslarını bilməli və bu profildə bir pasiyenti müalicə etmiş olmalıdır. Tibb sahəsini siyasətə alət etmək cinayətdir.”
Xatırladaq ki, BBC-nin araşdırmasında 2024-cü ildə keçirilən aksiyaların dağıdılması zamanı guya “kamit” adlı kimyəvi maddənin istifadə olunduğu iddia edilirdi. Bu məlumat ölkədə geniş rezonans doğurub və rəsmi qurumlar tərəfindən təkzib edilib.


