NATO: Ukraynanın üzvlüyü ilə bağlı hələ konsensus yoxdur
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynanın Alyansa üzvlüyü məsələsində üzv ölkələr arasında hələ konsensus əldə olunmayıb.
InterPress.ge xəbər verir ki, o, bu barədə NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində keçirilən mətbuat konfransında danışıb.
Ruttenin sözlərinə görə, Ukraynanın NATO-ya qəbul edilməsi üçün bütün müttəfiqlərin razılığı tələb olunur:
“Praktiki vəziyyət belədir: Ukraynanın NATO-ya üzvlüyü üçün bütün müttəfiqlərin konsensusu lazımdır. Hazırda isə, məlum olduğu kimi, bu məsələdə razılaşma mövcud deyil,” – deyə Rutte bildirib.
O vurğulayıb ki, hər bir müttəfiq Ukraynanın və NATO-nun təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu anlayır və Alyansın məqsədi “Ukraynadakı müharibənin uzunmüddətli və ədalətli sülhlə başa çatmasıdır”.
Rutte həmçinin qeyd edib ki, bu istiqamətdə NATO ABŞ Prezidenti Donald Trampın səylərini alqışlayır.
NATO xarici işlər nazirlərinin görüşü sabah Brüsseldə keçiriləcək. Görüşə ABŞ-ın dövlət katibi Marko Rubio qatılmayacaq. Onu iclasda dövlət katibinin müavini Kristofer Landau təmsil edəcək.


