Ukraynanın sabiq XİN rəhbəri Dmitro Kuleba: “Ölkəni taktiki məğlubiyyət gözləyir, amma bu, strateji qələbəyə çevriləcək”
Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kuleba bildirib ki, ölkəni yaxın dövrdə “taktiki məğlubiyyət” gözləyir, lakin bu proses nəticədə “strateji qələbə” ilə tamamlanacaq. Kuleba bu fikirləri “Ukraynanın Bərpası: Keyfiyyətli İnstitutlar və İqtisadi Təhlükəsizlik” forumunda səsləndirib.
Onun sözlərinə görə, ölkəni çox çətin və ağrılı mərhələ gözləyir və bu reallığın qəbul edilməsi emosional olaraq ağır olacaq:
“Ən çətin olanı – reallığa düz baxmaqdır. Qarşıda çox, çox ağır dövr gəlir. Elə bir dövr, ki, biz çox acı həqiqəti qəbul etməli olacağıq. Bu həqiqəti nə Instagram və Telegram-dakı xoşbəxt paylaşımlar, nə də gurultulu şüarlar əvəz edə bilər. Bu həqiqəti qəbul etmək bizə çox ağrılı olacaq, amma biz gələcəyi qurmağa nail olacağıq.”
Kuleba bildirib ki, həqiqətdən qaçmaq Ukraynanı geri aparacaq, amma reallığı qəbul etmək gələcək inkişafın əsasını qoyacaq:
“Taktik məğlubiyyət olacaq, çünki bu mərhələ çox xoşagəlməzdir. Amma unutmayaq – bu müharibə Ukraynanı, dövlətimizi və millətimizi məhv etmək istəyi ilə başlandı. Əgər elə düşünürsünüzsə ki, işğal halında hər şey olduğu kimi qalacaqdı, çünki onlar ‘sivil insanlardır’, çox təəssüf, siz dərindən yanılırsınız.”
Sabiq nazirin sözlərinə görə, bu mərhələnin ağrılı olmasına baxmayaraq, Ukrayna məhz bu reallığı qəbul etməklə gələcək üçün normal və sabit bir dövlət qura biləcək.


