01 
Dek
2025
19:20
194

DTX BBC-nin yayımladığı məlumatla bağlı araşdırmaya başlayıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) BBC tərəfindən ictimai məkanlarda yayımlanmış iddialarla bağlı istintaqa başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat qurum tərəfindən rəsmi açıqlama şəklində təqdim olunub.

DTX bildirir ki, araşdırma Cinayət Məcəlləsinin 333-cü maddəsi (vəzifə səlahiyyətlərinin aşılması) və 319-cu maddəsi (xarici təşkilata düşmən fəaliyyətində yardım göstərilməsi) üzrə başladılıb.

Qurumun izahatına əsasən, istintaqın məqsədi BBC-nin yaydığı məlumatın mənbəyi olan şəxslərin müsahibələrinin konkret nəyə əsaslandığını, onların təqdim etdiyi məlumatların məzmununu və həmin məlumatların nə dərəcədə etibarlı ola biləcəyini müəyyən etməkdir.

“Hazırkı mərhələdə deyə bilərik ki, yayımlanan materialın bir tərəfdən tərkibində vətəndaşların həyatı və sağlamlığına yönəlmiş, təsdiqləndiyi halda onların və cəmiyyətin qanuni maraqlarını ciddi şəkildə pozan cinayət əlamətləri var. Digər tərəfdən isə mətn Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və dövlət reputasiyasına zərər vurmağa yönəlmiş cinayət əlamətləri daşıyır.

Buna görə də araşdırma Cinayət Məcəlləsinin 333 və 319-cu maddələri ilə başladılıb. İstintaq bütün istiqamətlər üzrə aparılacaq və nəticələr barədə ictimaiyyətə mütəmadi olaraq geniş və ətraflı məlumat veriləcək,” – deyə DTX-nin açıqlamasında bildirilir.

Xatırladaq ki, BBC bir neçə gün əvvəl məlumat yayaraq iddia etmişdi ki, Gürcüstan hökuməti ötən il anti-hökumət etirazlarını dağıtmaq üçün Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə edib.

BBC yazır ki, Avropa İttifaqına inteqrasiyanın dayandırılmasına etiraz edən nümayişçilər göz yanması, nəfəs darlığı, öskürək və qusma kimi simptomlardan şikayət ediblər və bu əlamətlər həftələrlə davam edib.

BBC-nin bildirdiyinə görə, qurumun jurnalistləri kimyəvi silah mütəxəssisləri, xüsusi təyinatlıların nümayəndələri və həkimlərlə danışıb və “Fransa ordusunun bir vaxtlar ‘Kamili’ adlandırdığı maddənin istifadəsinə işarə edən faktlar” aşkar edib.

 

 

 

Bizimlə əlaqə saxlayın