01 
Dek
2025
11:35
282

BBC: Gürcüstan hökumətinin etirazların dağıdılması üçün Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə etdiyinə dair sübutlar var

BBC-nin topladığı materiallar göstərir ki, Gürcüstan hökuməti ötən il hökumət əleyhinə etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövründə istifadə olunan kimyəvi maddədən yararlanıb.

InterPress.ge xəbər verir ki, bu məlumat qurumun geniş məqaləsində yer alıb.

Nəşrin yazdığına görə, Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasına qarşı etiraz edən nümayişçilər göz yanması, nəfəs darlığı, öskürək və qusma kimi simptomlardan şikayətlənib və bu əlamətlər həftələrlə davam edib.

BBC bildirir ki, onlar kimyəvi silah üzrə ekspertlərlə, Gürcüstan xüsusi təyinatlılarının nümayəndələri və həkimlərlə danışaraq müəyyən ediblər: sübutlar Fransanın Birinci Dünya müharibəsi zamanı “kamit” adlandırdığı kimyəvi maddənin istifadəsinə işarə edir.

“Kamiti” adlı maddə Fransa tərəfindən Birinci Dünya müharibəsində Almaniyaya qarşı tətbiq olunub. Onun sonrakı istifadəsi haqqında az sənəd var, lakin 1930-cu illərdən bəri uzunmüddətli təsirlərə dair narahatlıqlara görə bu maddədən imtina edildiyi güman edilir. Daha sonralar onu CS qazı – geniş tanınan “yaşardıcı qaz” əvəzləyib.

Nəşr yazır ki, jurnalistlər xüsusi təyinatlıların 2019-cu ilin dekabrına aid inventar siyahısının surətini əldə etməyə nail olublar. Sənəddə adı çəkilməyən iki kimyəvi maddə yer alırdı: “kimyəvi maye UN1710” və “kimyəvi toz UN3439” – hər ikisi qarışdırma təlimatları ilə birlikdə. Sənədin həqiqiliyini yoxlamaq üçün onlar siyahını keçmiş xüsusi təyinatlılar rəsmisinə göstəriblər və o, sənədin real göründüyünü təsdiqləyib. Onun sözlərinə görə, həmin adı açıqlanmayan maddələr ehtimal ki, su şırnaqlarına əlavə olunurdu.

BBC yazır ki, ilk olaraq UN1710-un müəyyənləşdirilməsi asan oldu – bu, kimyəvi maddələri suda həll etməyə imkan verən həlledici trixloretilenin (TCE) kodudur. UN3439-un identifikasiyası isə daha çətin idi, çünki bu kod çoxsaylı sənaye kimyəvi maddələrinə aid ümumi kateqoriyadır. Onlardan yalnız biri – brombenzil sianid – tarixən kütləvi etirazların dağıdılmasında istifadə olunub və bu maddə Birinci Dünya müharibəsi zamanı müttəfiqlər tərəfindən yaradılmış “kamit”dir.

BBC-nin məlumatına görə, kimyəvi silahlar üzrə aparıcı ekspert, professor Kristofer Holşteqe təqdim edilən sübutların kamit istifadəsinə uyğun gəlib-gəlmədiyini qiymətləndirib və şahid ifadələri əsasında simptomların brombenzil sianid təsiri ilə üst-üstə düşdüyünü bildirib.

Beynəlxalq hüquqa əsasən, polis kimyəvi maddələrdən yalnız mütənasiblik prinsipi çərçivəsində və qısa müddətli təsir göstərdiyi hallarda istifadə edə bilər. BBC yazır ki, ekspertlərin fikrincə, polis üçün daha təhlükəsiz və standart vasitələr mövcud olduğu halda köhnəlmiş və daha güclü maddənin tətbiqi kimyəvi silah kimi qiymətləndirilə bilər.

BMT-nin işgəncələr məsələləri üzrə xüsusi məruzəçisi Alis Edvards BBC-yə bildirib ki, nəticələr ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, kimyəvi maddələrin su şırnaqları ilə tətbiqi sahəsində ciddi tənzimləmənin olmaması böyük problemdir.

“Bu, məni belə qənaətə gətirir ki, bu praktika eksperimental silahın tətbiqi sayıla bilər. Əhali heç vaxt eksperiment obyektinə çevrilməməlidir. Bu, insan hüquqları qanunvericiliyinin açıq şəkildə pozulmasıdır”, – Edvards deyib.

O əlavə edib ki, beynəlxalq hüquqa görə, kütləvi etirazların idarə olunması üçün istifadə olunan bütün vasitələr qısamüddətli təsirə malik olmalıdır və BBC-yə təqdim olunan kliniki əlamətlər bu çərçivədən kənara çıxır: “Bu səbəbdən bütün hallar, o cümlədən işgəncə və qeyri-insani rəftar ehtimalları üzrə araşdırılmalıdır”.

BBC yazır ki, Gürcüstan hökuməti yayımlanan nəticələri “tamamilə əsassız və absurd” adlandırıb və bildirib ki, hüquq-mühafizə orqanları qanunun və konstitusiyanın çərçivəsində, “aqressiv təxribatçıların qanunsuz əməllərinə adekvat şəkildə reaksiya veriblər.”

Bizimlə əlaqə saxlayın