30 
Nybr
2025
17:26
249

Parlament qarşısında davam edən aclıq aksiyası dayandırılıb

Parlament binası önündə davam edən aclıq aksiyası müvəqqəti olaraq dayandırılıb.

InterPress.ge xəbər verir ki, aksiyanın iştirakçıları bildirdilər ki, qərarı Arximandrit Dorote Kuraşvilinin xahişindən sonra qəbul ediblər.

Aclığı dayandıranlar arasında “Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Gedevan Pophxadze də var. Son günlər onun səhhətinin ağırlaşdığı barədə məlumat yayılmışdı.

Aksiyanın iştirakçılarından Darejan Tsxitariya “Interpressnews”a açıqlamasında bildirib ki, aclığın dayandırılması məhz keşişin şəxsi müraciəti ilə bağlıdır:

“Bundan əvvəl heç vaxt sözümü pozmamışam, amma o qədər hörmətli din xadimidir ki, bu dəfə özümü kənara qoydum. Bizimlə görüşüb dedi ki, ‘Allahın adı ilə gəlmişəm, xahiş edirəm, aclığı dayandırın, istəsəniz sonra davam etdirərsiniz, çünki çox ağır günləri geridə qoymusunuz’. Buna görə aclığı müvəqqəti dayandırdıq. Mübarizə davam edəcək, heç yerə getmirik. Burada, bu çadırda qalacağıq və insanları toplayıb ən azı 100 nəfərin yenidən aclığa oturmasını təmin edəcəyik.”

Xatırladaq ki, Gedevan Pophxadze aclıq aksiyasına 28 oktyabrda başlamışdı. Onunla birlikdə Darejan Tsxitariya və bir neçə digər fəal da aclıq elan etmişdi. Aksiyanın əsas tələbləri bunlardır: “Siyasi məhbusların azad edilməsi və yeni parlament seçkilərinin keçirilməsi.”

Bizimlə əlaqə saxlayın