Xarici ölkə vətəndaşına külli miqdarda narkotik vasitənin dövriyyəsinə yardım ittihamı irəli sürüldü
Gürcüstan Prokurorluğu külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım göstərilməsi faktı üzrə bir xarici ölkə vətəndaşına ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Prokurorluğun açıqlamasına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs satış məqsədilə 13 943 qram “metadon (baza)” adlı narkotik vasitəni qanunsuz olaraq əldə edib. Onun 340 qramını özünə məxsus avtomobildə, 13 603 qramını isə Mtsxeta bələdiyyəsində yerləşən müvəqqəti yaşadığı evdə saxladığı müəyyən olunub.
Hüquq-mühafizə orqanları aparılan əməliyyat zamanı narkotik vasitələri və onların qablaşdırılması üçün nəzərdə tutulmuş ləvazimatları maddi sübut kimi götürüb.
Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin:
– 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi (xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması),
– 260 prim maddəsinin 6-cı hissəsinin “a” bəndi (xüsusilə böyük miqdarda narkotik vasitənin satışına yardım)
ilə ittiham irəli sürülüb. Hər iki maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib.


