Muxalifət lideri saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyi Alako Elisaşvilinin saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, koalisiya “Güclü Gürcüstan – Lelo”nun liderlərindən biri olan Aleksandre Elisaşvili bu gün səhər tezdən Tbilisi Şəhər Məhkəməsinin kargüzarlıq binasını yandırmağa cəhd edib.
İstintaqın ilkin məlumatına əsasən, 29 noyabrın səhəri Elisaşvili maskalanmış vəziyyətdə çəkiclə məhkəmənin kargüzarlıq binasının şüşəsini sındırıb və içəri daxil olub. O, binanın müxtəlif hissələrinə, o cümlədən kargüzarlıq ləvazimatlarına, texnikaya və sənədlərə benzin tökərək binanı yandırmağa cəhd göstərib.
Hadisə yerində olan Məhkəmə Mühafizə Xidmətinin əməkdaşları onu dərhal saxlayıblar. Nazirliyin məlumatına görə, Elisaşvili saxlanılarkən üzərində olan odlu silahla müqavimət göstərib və məmurlara fiziki xəsarət yetirib. Qarşıdurma zamanı mühafizə xidmətinin bir əməkdaşı xəsarət alaraq xəstəxanaya aparılıb. Elisaşvili də saxlanılma zamanı müqavimətə görə xəsarət alıb.
Polis hadisə yerindən cinayətin törədilməsində istifadə olunan vasitələri maddi sübut kimi götürüb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-187-ci maddəsi üzrə davam edir.


