12 
Nybr
2025
15:57
221

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxaria barəsində cinayət təqibi başlanılıb

Gürcüstan Baş Prokurorluğu “Qaxaria Gürcüstan üçün” partiyasının lideri, sabiq baş nazir Giorgi Qaxaria barəsində cinayət təqibinə başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Baş prokuror Giorgi Qvarakidze brifinq zamanı açıqlayıb.

Qvarakidzenin sözlərinə görə, iş ictimaiyyətə yaxşı tanış olan 2019-cu il 20–21 iyun hadisələri və Çorçana insidenti ilə bağlıdır. Söhbət protest aksiyası zamanı iki və ya daha çox şəxsin sağlamlığına ağır xəsarət yetirilməsinin təşkilindən və vəzifəli şəxsin səlahiyyətlərini aşmasından gedir.

Prokuror bildirib ki, Giorgi Qaxariaya Gürcüstan Cinayət Məcəlləsinin 25, 117-ci maddəsinin 3-cü hissəsinin “m” bəndi və 333-cü maddənin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddələr 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qvarakidze xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2024-cü il 7 may tarixində qəbul etdiyi qərarla “20 iyun işi” üzrə Gürcüstanın konvensiyanın 3-cü maddəsini pozduğunu müəyyən edib və araşdırmanın davam etdirilməsi, o cümlədən məsul şəxslərin fəaliyyətinin qiymətləndirilməsi barədə tövsiyə verib.

Bu qərardan sonra aparılan əlavə istintaq tədbirləri nəticəsində Qaxarianın məsuliyyəti müəyyən olunub.

Məlumata görə, 2019-cu il 20 iyun tarixində Tbilisidə keçirilən aksiyanın gedişində nümayişçilərin bir hissəsi zorakılığa əl ataraq parlament binasına daxil olmağa cəhd edib. O dövrdə daxili işlər naziri olan Giorgi Qaxaria xüsusi təyinatlılara qanunsuz şəkildə xüsusi vasitələrdən (o cümlədən rezin güllələrdən) paralel və xəbərdarlıq etmədən istifadə etməyi əmr edib.

Nəticədə onlarla vətəndaş müxtəlif dərəcəli xəsarət alıb, iki nəfər gözünü itirib, beş nəfər isə ağır bədən xəsarətləri alıb.

İttihamın ikinci epizodu isə Çorçana hadisəsi ilə bağlıdır. İstintaqın məlumatına görə, 2019-cu il 24 avqustda Qaxaria – o zaman həmçinin Milli Təhlükəsizlik Şurasının katibi və daimi üzvü – hökumətlə və təhlükəsizlik xidməti ilə razılaşdırmadan, həmçinin Aİ müşahidə missiyasını xəbərdar etmədən, Çorçana kəndi yaxınlığında əlavə polis postunun yaradılması barədə təkbaşına qərar qəbul edib.

Bu qərar nəticəsində Rusiya tərəfindən dəstəklənən Tsinvali rejimi bu addımı təxribat kimi qiymətləndirərək Gürcüstan ərazisinin bir hissəsini – təxminən 100 hektar meşə massivini nəzarətə götürüb. Hadisə yerli əhalinin evlərinin və kəndlərin təhlükə altına düşməsinə və silahlı qarşıdurma riski yaranmasına səbəb olub.

Prokurorluq hesab edir ki, Qaxaria xidməti səlahiyyətlərini bilərəkdən aşaraq dövlətin və cəmiyyətin qanuni maraqlarına ciddi zərər vurub.

Qaxariaya qarşı irəli sürülən ittihamlar 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq yaxın günlərdə Tbilisi Şəhər Məhkəməsinə onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təqdim edəcək.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın