Gürcüstanda genişmiqyaslı xüsusi əməliyyat – 13 nəfər saxlanılıb, 20-yə yaxın qanunsuz silah və sursat götürülüb
Gürcüstan Daxili İşlər Nazirliyi ölkə ərazisində son bir həftə ərzində keçirilən xüsusi əməliyyatlar barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, ölkə miqyasında aparılan əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan bəziləri əvvəllər də məhkum olunub.
Polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, evlərində, yardımçı tikililərdə və avtomobillərində apardıqları axtarış zamanı müxtəlif növ avtomatik odlu silahlar, tüfənglər və böyük miqdarda sursat aşkar edərək maddi sübut kimi götürüblər.
Əməliyyatlarda Patrul Polisi, Tbilisi, Quriya, Aşağı və Daxili Kartli polis idarələrinin əməkdaşları iştirak edib.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin birinci, üçüncü və dördüncü hissələri üzrə aparılır. Bu maddə qanunsuz silah və sursat əldə etmə, saxlama və gəzdirmə hallarını nəzərdə tutur və 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanları ölkə üzrə 24 saatlıq rejimdə fəaliyyətini davam etdirir və cinayətkarlığa qarşı kompromissiz mübarizə aparır, eləcə də ictimai təhlükəsizliyin təmin olunması məqsədilə profilaktik tədbirlər həyata keçirir.


