07 
Nybr
2025
13:36
388

Prokurorluq baş verən qrup halında zorakılıqla bağlı detalları açıqladı

Gürcüstan Baş Prokurorluğu qrup halında zorakılıqda iştirak ittihamı ilə dörd nəfərə, həmçinin qanunsuz odlu silah əldə etmə və saxlama faktı ilə bir nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib. 

İstintaqın məlumatına görə, Manana Giorqobiani 2 noyabrda Tbilisidə yerləşən bir supermarketdə əməkdaşlardan pul xırdalamağı xahiş edib, lakin rədd cavabı aldıqdan sonra aqressivləşərək işçiləri sözlü və fiziki şəkildə təhqir edib və onlara fiziki zorakılıqla hədələyib.

Prokurorluğun məlumatına əsasən, Giorqobiani daha sonra zorakılıqla müşayiət olunan qrup hərəkətinə rəhbərlik edib. O, hadisə yerinə beş nəfəri gətirib, birlikdə mağaza işçilərinə fiziki zorakılıq tətbiq ediblər, onlara xəsarət yetiriblər və daha sonra hadisə yerindən qaçıblar.

Bundan əlavə, istintaq müəyyən edib ki, qrup üzvlərindən biri qanunsuz şəkildə iki ədəd “Kalaşnikov” tipli avtomat silah və 110 ədəd döyüş patronu əldə edərək, onları yaşadığı evin zirzəmisində gizlədib. Polis 5 noyabrda keçirilən axtarış zamanı həmin silah və sursatı aşkarlayıb.

Prokurorluğun açıqlamasına görə, bir nəfərə Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci və 236-cı maddəsinin 3-cü hissələrinə əsasən — “zorakılıqla müşayiət olunan qrup hərəkətində iştirak və qanunsuz odlu silah əldə etmə-saxlama” — ittiham irəli sürülüb. Dörd nəfər isə 225-ci maddənin 2-ci hissəsi ilə – “zorakılıqla müşayiət olunan qrup hərəkətində iştirak” ittihamı ilə məsuliyyətə cəlb olunub.

Bu maddələrə əsasən, təqsirləndirilən şəxsləri 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluq, təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın