Qabal kəndindəki xüsusi əməliyyatla bağlı yeni detallar məlum olub
Laqodexi rayonunun Qabal kəndində keçirilən xüsusi əməliyyat zamanı həlak olan 52 yaşlı Mirzə Əliyevin ailə üzvləri hadisənin yeni təfərrüatlarını açıqlayıblar.
InterPress.ge xəbər verir ki, ailənin verdiyi məlumata görə, ilk atəşi məhz Mirzə Əliyev açıb, çünki o, evə quldurların girdiyini düşünüb.
Ailə üzvləri bildiriblər ki, polis əməkdaşları xəbərdarlıq etmədən evə daxil olublar və bu zaman güc tətbiqində hədd aşılması halı baş verib. Onların sözlərinə görə, Mirzə Əliyevin “qanuni oğrular” dünyası ilə heç bir əlaqəsi olmayıb.
“Bizə demirlər, nəyə görə evə girdilər və niyə onu saxlamaq istəyirdilər. Bildiyimizə görə, Mirzə maskalıları görəndə quldurlar olduğunu düşünüb və atəş açıb. Bundan sonra xüsusi təyinatlılar cavab atəşi açıblar və o, hadisə yerində həlak olub. Evin vəziyyətinə baxın – divarlarda və şüşələrdə izlər açıq görünür. Biz inanmırıq ki, Mirzənin ‘qanuni oğrular’ dünyası ilə hər hansı əlaqəsi vardı,” – deyə mərhumun ailə üzvləri bildiriblər.
Xatırladaq ki, bu gün Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Darağvelidze açıqlama verərək bildirmişdi ki, “qanuni oğrular”la əlaqədə şübhəli bilinən 34 nəfər saxlanılıb. O, həmçinin qeyd etmişdi ki, Kabal kəndində saxlanılmalı olan Mirzə Əliyev xüsusi təyinatlılara atəş açıb, nəticədə bir polis ağır yaralanıb, cavab atəşi zamanı isə Əliyev yerindəcə zərərsizləşdirilib.


