Aİ hesabatı: “Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb”
Avropa Komissiyasının 2025-ci il üçün genişlənmə siyasətinə dair noyabrın 4-də açıqladığı hesabatda bildirilir ki, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb.
InterPress.ge xəbər verir ki, sənəddə qeyd olunur ki, Gürcüstan hökumətinin son illərdəki addımları ölkə ilə Aİ arasında münasibətləri ciddi şəkildə zədələyib və Gürcüstanı genişlənmə prosesindən uzaqlaşdırıb.
Hesabatda vurğulanır:
“Gürcüstan hökumətinin fəaliyyəti Aİ-nin namizəd ölkədən gözləntilərinə uyğun deyil. Əsas istiqamətlər üzrə ciddi geriləmə baş verib. Bu, fundamental hüquqları və azadlıqları sarsıdan repressiv qanunvericiliyin qəbul edilməsi, məhkəmə sistemindən siyasi məqsədlərlə istifadə, müxalif liderlərin təqibi, etirazçıların qanunsuz saxlanılması və ictimai məkanın məhdudlaşdırılması ilə bağlıdır.”
Avropa Komissiyası qeyd edir ki, hökumətin 2024-cü ilin noyabrında verdiyi üzvlük danışıqlarını dayandırmaq və Aİ maliyyə dəstəyindən imtina etmək qərarı, Gürcüstanın əvvəlki Avropa yönümlü siyasətindən, xalqın Avropa arzularından və konstitusiyada təsbit olunmuş Avropa inteqrasiyası öhdəliyindən açıq şəkildə uzaqlaşma deməkdir.
Sənəddə əlavə olunur ki, hökumət sistemli şəkildə Aİ-yə qarşı ritorika və dezinformasiya yayır, həmçinin 2023-cü ilin noyabrında Avropa Komissiyasının irəli sürdüyü “doqquz islahat addımı” üzrə siyasi iradə göstərmir.
“Gürcüstan hökumətinin bu siyasəti Aİ–Gürcüstan münasibətlərinin əsaslarını sarsıdıb və ölkəni genişlənmə prosesindən uzaqlaşdırıb. Nəticədə, Gürcüstanın Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb. Hökumət kursunu dəyişmədiyi müddətdə, Avropa Komissiyası və Avropa Şurası yüksək səviyyəli siyasi təmasları azaldıb, hökumətə yönəlik birbaşa maliyyə yardımını dayandırıb və vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyi gücləndirib,” – deyə hesabatda qeyd olunur.
Bildirilib ki, 2025-ci ilin yanvarında Avropa Şurası Komissiyanın təklifinə əsaslanaraq Aİ–Gürcüstan viza sazişinin bəzi müddəalarının dayandırılması qərarını qəbul edib. Bu qərar Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün viza azadlığının müvəqqəti dayandırılmasını nəzərdə tutur.
Avropa Komissiyası sənədin sonunda bir daha bəyan edib ki, Aİ Gürcü xalqının Avropa gələcəyinə dəstəyini dəyişməz saxlayır, lakin rəsmi Tbilisinin hazırkı siyasi kursu bu məqsədlə ziddiyyət təşkil edir.


