Şəxsi yazışmaları ələ keçirməyə görə bir nəfər saxlanılıb - SƏS
Gürcüstan Prokurorluğu şəxsi yazışma sirrinin pozulması və kompüter məlumatından qanunsuz istifadə faktı üzrə bir şəxsin saxlanıldığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
İstintaq müəyyən edib ki, saxlanılan şəxs qısqanclıq zəminində zərərçəkmişi aldadaraq onun Facebook hesabının parol bərpa kodunu ələ keçirib, profilə qanunsuz daxil olub və şəxsi yazışmalarını üçüncü şəxslə oxuyub.
Prokurorluğun məlumatına görə, şübhəli şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 159-cu maddəsinin birinci hissəsi (şəxsi yazışma sirrinin pozulması) və 285-ci maddənin birinci hissəsi (kompüter məlumatından və ya sistemindən qanunsuz istifadə) ilə ittiham irəli sürülüb. Bu cinayətlərə görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qarşısının alınması tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edəcək.


