Aİ: 1992-ci ildən bəri Gürcüstana 2 milyard avrodan çox qrant ayrılıb
Avropa İttifaqı (Aİ) 1992-ci ildən bu günə qədər Gürcüstan üçün 2 milyard avrodan çox məbləğdə qrant ayırıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat Aİ-nin Gürcüstandakı nümayəndəliyinin sosial şəbəkədə yaydığı açıqlamada yer alıb.
Açıqlamada qeyd olunur ki, son 30 ildən artıq müddətdə Aİ müxtəlif proqramlar vasitəsilə Gürcüstan vətəndaşlarına yeni iqtisadi və sosial imkanlardan yararlanmaqda yardım göstərir.
“1992-ci ildən Aİ Gürcüstana 2 milyard avrodan çox məbləğdə qrant ayırıb. Bu vəsait hesabına yeni infrastruktur layihələri həyata keçirilib, iş yerləri yaradılıb, təhsil və ətraf mühitin mühafizəsi sahələrində mühüm irəliləyişlər əldə olunub. Hər bir investisiya Gürcüstan vətəndaşlarının gündəlik həyatının yaxşılaşdırılmasına xidmət edib – yolların, xəstəxanaların və məktəblərin modernləşdirilməsindən tutmuş yerli icmaların, sahibkarların və gənc innovatorların gücləndirilməsinədək,” – deyə bəyanatda qeyd olunur.
Aİ əlavə edib ki, TRACECA, EU4Business, ENPARD və EU4Youth kimi proqramlar Gürcüstan vətəndaşlarına yeni iqtisadi və sosial imkanlara çıxış imkanı yaratmaqda mühüm rol oynayır.


