Tbilisidə quldurluq edən 5 yeniyetmə saxlanıldı
Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 5 yeniyetməni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasına əsasən, qrup halında törədilmiş quldurluq ittihamı ilə saxlanılanlar aşağıdakılardır:
2009-cu il təvəllüdlü K.A., 2008-ci il təvəllüdlü L.Z., 2007-ci il təvəllüdlü M.M., 2008-ci il təvəllüdlü L.K. və 2008-ci il təvəllüdlü L.Ts.
Məlumata görə, cinayət 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, saxlanılan yeniyetmələr soyuq silahdan istifadə edərək qrup halında xarici vətəndaş olan taksi sürücüsünə hücum ediblər.
Fiziki zorakılıq və öldürmə ilə hədələmə yolu ilə onlar sürücüyə məxsus avtomobil salonunda olan pulu ələ keçirərək hadisə yerindən qaçıblar.
Quldurluq nəticəsində xəsarət alan xarici vətəndaş tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi (quldurluq) üzrə aparılır.


