17 
Okt
2025
18:06
168

Tbilisidə 4 oktyabr hadisələri ilə bağlı daha 16 nəfər saxlanıldı

Tbilisidə 4 oktyabrda baş verən hadisələrlə əlaqədar hüquq-mühafizə orqanları daha 16 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı daxili işlər naziri Gela Geladze Daxili İşlər Nazirliyində keçirdiyi brifinqdə açıqlayıb.

Nazirin sözlərinə görə, 4 oktyabr işi üzrə bu günə qədər ümumilikdə 62 nəfər tutulub.

“Məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamenti 4 oktyabrda Tbilisidə qanunsuz və cinayət xarakterli hərəkətlər törətmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində intensiv istintaq aparır. Həmin gün bəzi şəxslər zorakı yollarla Gürcüstan prezidentinin sarayını ələ keçirməyə və konstitusiya quruluşunu devirməyə cəhd göstəriblər, nəticədə onlarla polis əməkdaşı xəsarət alıb,” – deyə Geladze bildirib.

Nazirin açıqlamasına görə, saxlanılan şəxslərin bir hissəsinə konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış, strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsinə və ya bloklanmasına cəhd, qrup halında zorakılığın təşkili və iştirak, digərlərinə isə polisə qarşı zorakılıq ittihamı irəli sürülüb.

Nazir həmçinin qeyd edib ki, xaricdə olan iki şəxs – İrakli Şaişmelaşvili və A.U. barəsində cinayət təqibi başlanılıb. Şaişmelaşviliyə konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış ittihamı verilib.

Geladzenin sözlərinə görə, istintaqın gedişində əldə edilən sübutlar, o cümlədən videomaterialların analizi göstərir ki, saxlanılan şəxslər 4 oktyabrda aksiya təşkilatçıları ilə birlikdə Atonelidə yerləşən prezident sarayının baryerlərini dağıdaraq binanı ələ keçirməyə çalışıblar. Hadisə nəticəsində 35 polis əməkdaşı xəsarət alıb, onların çoxunda baş nahiyəsindən zədələr qeydə alınıb.

“Biz araşdırmanı davam etdiririk və cinayətdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Bir daha qeyd edirəm, 4 oktyabr hadisələri zamanı ictimai təhlükəsizliyi və asayişi yüksək peşəkarlıqla qoruyan bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürümü bildirirəm.

Hər kəs gördü ki, polis əməkdaşları qanun çərçivəsində və yüksək peşəkarlıqla fəaliyyət göstərirdilər. Bu, dövlət çevrilişinə cəhdin qarşısını alan dəqiq və peşəkar polis əməliyyatı idi. Gürcüstanın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti bir daha göstərdi ki, ölkənin hüquq-mühafizə sistemi güclü və təşkilatlanmışdır,” – deyə Gela Geladze vurğulayıb.

Nazir əlavə edib ki, dövlətin sabitliyini və qanunun aliliyini sarsıtmağa çalışan hər kəs qanunun bütün sərtliyi ilə cavab verəcək.

Bizimlə əlaqə saxlayın