17 
Okt
2025
10:19
259

Saba Braçveli: 12 illik məktəb dövrünün azaldılması ilə əlaqədar orta təhsilin beynəlxalq səviyyədə tanınması da çətinləşəcək

Gürcü hüquqşünas Saba Braçveli baş nazir İrakli Kobaxidzenin təqdim etdiyi ali təhsil islahatını tənqid edib.

Onun sözlərinə görə, hökumətin elan etdiyi “professorların maaşının 10 min lariyə qədər artırılması” əslində universitet əməkdaşlarının kütləvi ixtisarının və siyasi təzyiqin xəbərçisidir.

“Təhsil islahatının təqdimatı tipik təbliğat üsulu ilə başladı – professorların maaşı 10 min lari olacaq dedilər. Amma bu ‘maraqlı nəticənin’ arxasında universitet personalının kütləvi ixtisarı və ‘təmizləmə’ dayanır. Professor yerləri azaldılacaq, qalanların maaşı isə bu hesabla artırılacaq. Öz yerlərini qorumaq istəyənlər ya susmağa, ya da tam itaət göstərməyə məcbur qalacaqlar,” – yazıb Braçveli “Facebook”-da.

O bildirib ki, bu proses həm də “hakimiyyətə yaxın təbliğatçıların universitetlərdə yerləşdirilməsi üçün” imkan yaradacaq, çünki dövlət universitetlərinə xarici professorların dəvət olunması da qadağan ediləcək.

Hüquqşünas qeyd edib ki, fakültə və professor heyətinin ixtisarı nəticəsində tələbə sayı da azalacaq, bu isə ölkədə ali təhsilin səviyyəsini daha da zəiflədəcək:

“Ali təhsil sistemi onsuz da böhran içindədir, bu islahatlar isə vəziyyəti tamamilə məhv edəcək. Təhsilsiz gənclər artdıqca, tənqidi düşüncə daha da azalacaq və cəmiyyət təbliğata daha çox açıq olacaq.”

Braçveli həmçinin orta məktəbdə 12 illik tədris dövrünün qısaldılmasını da tənqid edib və xəbərdarlıq edib ki, bu addım Gürcüstanın orta təhsilinin beynəlxalq səviyyədə tanınmasını çətinləşdirəcək:

“12 illik məktəb sisteminin qısaldılması o deməkdir ki, Gürcüstanda məktəbi bitirən gənclər artıq xarici universitetlərə birbaşa qəbul ola bilməyəcəklər. Valideynlər övladlarının xaricdə oxumaq arzusunu reallaşdırmaq üçün əlavə bir il başqa ölkədə oxumağa məcbur qalacaqlar.”

Sonda hüquqşünas vurğulayıb ki, hökumətin təqdim etdiyi islahatlar təhsil keyfiyyətinin artırılmasına deyil, onun məhv edilməsinə xidmət edir:

“Bu, 1-2 seçilmiş professorun maaşını artırmaq üçün deyil — bu, gələcək nəsillərin təhsilinin sıradan çıxarılması istiqamətində atılmış addımdır.”

 

Bizimlə əlaqə saxlayın