Aygül İsayeva: “Etnik azlıqların dili” fənni “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəz edilsin
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin hazırladığı təhsil proqramında ana dilimizin adının “etnik azlıqların dili” termini ilə əvəz olunması qəbuledilməzdir.
InterPress.ge xəbər verir ki, bu barədə ictimai fəal Aygül İsayeva bildirib.
İsayeva qeyd edib ki, məsələ ilə bağlı imza toplama kampaniyasına başlayılıb.
“Bu məsələni ictimailəşdirmək üçün imzatoplama kampaniyasına başlayırıq. Petisiyanı kifayət qədər insan imzaladıqdan sonra Təhsil Nazirliyinə müraciət ünvanlayacağıq. Hər kəsdən bu məsələdə dəstək gözləyirik,” – deyə Aygül İsayeva əlavə edib.
Petisiyanın linki (https://c.org/Lgkz9ZX7k5 ) və müraciətin forması ictimaiyyətə təqdim olunur:
"Gürcüstanın Təhsil, Elm və Gənclər naziri cənab Givi Mikanadzeyə
Biz, aşağıda imza atan şəxslər, “Etnik azlıqların dili” adlanan fənnin təhsil proqramından (kurikulumdan) çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini xahiş edirik. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı” fənninin adının “etnik azlıqların dili” termini ilə əvəz olunması qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.
“Azərbaycan dili və ədəbiyyatı” fənninin adı həm təhsil proqramında, həm dərs saatlarını əks etdirən cədvəldə, həm də elektron jurnalda “etnik azlıqların dili” kimi göstərilmişdir.
Fənnin adı, istifadə olunan dərsliklərin adına uyğun şəkildə, “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” olmalıdır. Həm Sovet dövründə, həm də Gürcüstanın müstəqilliyinin ilkin illərində təhsil proqramlarında bu fənnin adı “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” kimi qeyd olunurdu. “Etnik azlıqların dili” ifadəsində “Ədəbiyyat” komponentinin yer almaması, gələcəkdə ədəbiyyatın tədris planından çıxarılması ehtimalı ilə bağlı əsaslı narahatlıq doğurur. Xahiş edirik, bizim ana dilimizə hörmət əlaməti olaraq təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “etnik azlıqların dili” termini “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəz olunsun.
Təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “Gürcü dili və ədəbiyyat” yazıldığı kimi, ana dilimiz və ədəbiyyatımızla bağlı fənnin adının da “Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsini məntiqli və məqsədəuyğun hesab edirik", - deyə müraciətdə bildirilir.


