Gürcüstanda “İŞİD”lə əlaqəli terrorçu qrupun üç üzvü saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antiterror Mərkəzi xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım göstərmə faktı üzrə aparılan istintaq çərçivəsində üç Gürcüstan vətəndaşını saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Laşa Mağradze bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, məhkəmə qərarı əsasında Acarıstan bölgəsində eyni vaxtda beş müxtəlif ünvanda xüsusi əməliyyat keçirilib və nəticədə üç nəfər tutulub.
Aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində toplanmış sübutlar əsasında müəyyən edilib ki, saxlanılan şəxslər “təqbirçilər” adlanan radikal qrupun üzvləridir və onların xaricdə yerləşən “İslam Dövləti” (İŞİD) təşkilatının nüfuzlu liderləri ilə əlaqələri olub. Həmin liderlərin göstərişləri ilə onlar Gürcüstanda radikal-ekstremist ideologiyaya əsaslanan birləşmə yaradıblar və digər dinlərin nümayəndələrinə qarşı xüsusi aqressiya ilə seçiliblər.
İstintaq məlumatına görə, qrup üzvləri “İŞİD”in nüfuzlu üzvlərini qanunsuz yolla Gürcüstana gətirməyi, burada onların rəhbərliyi ilə dayaq nöqtəsi (plasdarm) yaratmağı, eyni zamanda tərəfdarların qanunsuz yerləşdirilməsini, lojistik dəstəyin göstərilməsini və Gürcüstan ərazisinin terror məqsədləri üçün tranzit kimi istifadəsini planlaşdırıblar.
Səhər saatlarında keçirilmiş əməliyyat zamanı terror simvolikasına malik əşyalar, partlayıcı maddələr, çoxlu sayda sursat və odlu silahlar, hərbi avadanlıq, mobil telefonlar, elektron məlumat daşıyıcıları, eləcə də xeyli miqdarda müxtəlif valyutada pul və digər maddi sübutlar götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (qanunsuz silah və sursat saxlama) və 328-ci maddələri (xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım) ilə aparılır. Cinayət əməli 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


