12 
Okt
2025
16:25
494

Polis əməkdaşı rüşvət almaq ittihamı ilə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilən istintaq, prosessual və əməliyyat tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü R.D. adlı şəxs rüşvət almaq ittihamı ilə məhkəmə qərarı əsasında saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, cinayət əməlinə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İlkin istintaq məlumatına əsasən, Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşı R.D. Gürcüstan və xarici ölkə vətəndaşları barədə şəxsi məlumatların Daxili İşlər Nazirliyinin informasiya bazasında yoxlanılması və bu məlumatların vətəndaş R.K.-ya qanunsuz ötürülməsi müqabilində ümumilikdə 1000 ABŞ dolları məbləğində rüşvət alıb.

Saxlanılma zamanı R.D. Baş Müfəttişliyin əməkdaşlarını gördükdə, idarə etdiyi avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərib və toqquşma törədib. Daha sonra avtomobili tərk edərək piyada qaçmağa çalışıb, lakin hüquq-mühafizə orqanları tərəfindən yerindəcə saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 500 ABŞ dolları məbləğində pul maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da rüşvət almaq əməlini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın