Putin və Əliyev Tacikistanda Azal təyyarəsinin qəzasi barədə müzakirə aparıblar
Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Tacikistanda keçirilən görüşdə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması məsələsini müzakirə ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.
Putin bildirib ki, Rusiya bu faciə ilə bağlı zəruri kompensasiyaların ödənilməsi üçün bütün lazımi addımları atacaq.
“Belə faciəvi hallarda kompensasiyaların ödənilməsi üçün Rusiya lazım olan hər şeyi edəcək,” – deyə Putin vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, ilkin araşdırmalardan belə məlum olur ki, Rusiyanın hava müdafiə sistemindən buraxılmış iki raket təyyarəyə birbaşa dəyməyib və raketlər bir neçə metr məsafədə partlayıb.
“Bu faciənin səbəblərini müzakirə etmək olar. Hadisə bir neçə amillə əlaqədardır. Əvvəla, həmin vaxt havada Ukraynaya məxsus pilotsuz uçuş aparatı var idi. Biz eyni anda üç dronu izləyirdik. Böyük ehtimalla, təyyarə raket deyil, məhz onların qəlpələri ilə zədələnib,” – deyə Putin əlavə edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstan ərazisində qəzaya uğramış, nəticədə 38 nəfər həlak olmuşdu.


