Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı
Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi 6 oktyabr 2025-ci ildən etibarən yeni nəsil, yenilənmiş dizayna malik biometrik pasportların və elektron yaşayış icazələrinin verilməsinə başlayır.
Məlumata əsasən, bu tarixdən sonra müraciət edən vətəndaşlara yeni dizaynda sənədlər təqdim olunacaq. Mövcud pasport və ya şəxsiyyət vəsiqəsinin sahibləri isə onları dəyişmək məcburiyyətində deyillər. Yeni sənədlərin rüsum məbləğlərində dəyişiklik nəzərdə tutulmur.
Agentliyin məlumatına görə, yenilənmiş dizaynla aşağıdakı sənədlər də veriləcək:
• Müvəqqəti yaşayış üçün elektron icazə;
• Daimi yaşayış üçün elektron icazə;
• Diplomatik pasport;
• Xidmət pasportu;
• Qaçqın statusuna malik şəxsin səyahət sənədi;
• Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxsin səyahət pasportu.
Yeni nəsil sənədlərin təhlükəsizlik sistemi müasir qoruma elementləri ilə təkmilləşdirilib və beynəlxalq standartlara tam cavab verir. Dizayn milli simvollar və tematik elementlərlə zənginləşdirilib.
Vətəndaşlar sənədlərə müraciəti Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin regional şöbələrində, Ədliyyə Evlərində, mobil ədliyyə xidmətlərində və ya onlayn qaydada agentliyin rəsmi saytında — https://sda.gov.ge/ — edə bilərlər.
Qeyd olunur ki, yeni dizaynda şəxsiyyət vəsiqələrinin verilməsi 2025-ci il noyabrın 3-dən başlayacaq.


