Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti: Tbilisi yaxınlığında çoxlu silah, döyüş sursatı və partlayıcı maddələr aşkarlanıb
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb ki, Tbilisi yaxınlığında keçirilən əməliyyat nəticəsində çoxlu sayda odlu silah, döyüş sursatı, partlayıcı maddə və detonator aşkarlanıb. Bildirilir ki, silah və partlayıcılar Ukraynada fəaliyyət göstərən hərbi birləşmənin gürcü nümayəndəsinin göstərişi ilə əldə edilib.
DTX-nin məlumatına görə, əldə olunan bu sursat və partlayıcı maddələrdən 4 oktyabrda Tbilisidə baş vermiş “qrup halında zorakılıq” və “Prezident Sarayının ələ keçirilməsi cəhdi” ilə eyni vaxtda diversiya aktları törədilməsi planlaşdırılıb.
Xidmətin açıqlamasına əsasən, Gürcüstan vətəndaşı B.Ç. Ukraynada fəaliyyət göstərən bir hərbi bölmənin gürcü nümayəndəsinin göstərişi ilə çoxlu sayda odlu silah, sursat və partlayıcı vasitələr əldə edib. Məlumata görə, B.Ç.-nin sifarişi ilə detonator pultunu hazırlayan şəxs də müəyyən edilib və o, artıq DTX-nin nəzarətinə alınıb. Hazırda onunla istintaq hərəkətləri aparılır.
DTX əlavə edib ki, bu cinayətlə bağlı B.Ç.-yə qarşı ittiham irəli sürüləcək və onun barəsində axtarış elan olunacaq.
Xidmətin rəsmi bəyanatında deyilir:
“Dövlət Təhlükəsizlik Xidmətinin operativ məlumatları əsasında həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Tbilisi ətrafında yerləşən meşə massivində gizlədilmiş odlu silahlar, döyüş sursatı və partlayıcı vasitələr tapılıb. Əməliyyat tədbirləri nəticəsində həmin sursatları Tbilisinin mərkəzinə gətirməyi planlaşdıran şəxslərin qrupu zərərsizləşdirilib.
Eyni zamanda, B.Ç.-nin evində aparılan axtarış zamanı onun istifadə etdiyi mobil telefon götürülüb. Cihazda aparılan baxış nəticəsində əsas sübutlardan biri – B.Ç.-nin hələlik müəyyən edilməmiş şəxsə aldığı silah və sursatları göstərdiyi bir neçə video yazı aşkarlanıb.”
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü bəndi ilə istintaq başlanılıb. Təhlükəsizlik xidməti bildirir ki, cinayətdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DTX rəhbərliyi daxili işlər, prokurorluq və dövlət mühafizə xidmətlərinə keçirilmiş əməliyyatda göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Xüsusi təşəkkürümüzü xidmətin bütün əməkdaşlarına göstərdikləri cəsarət və yüksək peşəkarlığa görə bildiririk,” – deyə Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd olunur.


