Larinin dövriyyəyə buraxılmasından 30 il ötür
Bu gün, 2 oktyabr 2025-ci ildə, Gürcüstanın milli valyutası larinin dövriyyəyə buraxılmasından 30 il keçir.
InterPress.ge xəbər verir ki, 1995-ci ilin 2 oktyabrında lari Gürcüstan ərazisində yeganə qanuni ödəniş vasitəsi elan edilib.
Ondan bir həftə əvvəl – 1995-ci il 25 sentyabrda dövriyyəyə 1, 2, 5, 10, 20, 50 və 100 lari nominallı əskinaslar, eləcə də 1, 2, 5, 10, 20 və 50 tetri dəyərində sikkələr buraxıldı.
Sonrakı illərdə lari tədricən modernləşdirildi. 1999-cu ildə 1995-ci ilin bütün əskinasları, 2002-ci ildə isə onların bir hissəsi – 1, 2, 5, 10 və 20 lari dəyişdirildi. 2004-cü ildə 50 və 100 larilik yeni buraxılış əskinasları dövriyyəyə girdi. Daha sonra isə 200-larilik banknot tədavülə daxil oldu, 1 və 2 larilik kağız pullar isə metal pullarla əvəz edildi.
Milli valyutanın adı da simvolik mənaya malikdir. “Lari” sözü qədim gürcü dilindən götürülüb və “xəzinə, sərvət” deməkdir. Bu ad 1991-ci ildə akademik Vasil Çantladze tərəfindən milli valyutanın layihəsində təklif olunub. “Tetri” isə orta əsrlərdə işlədilən qədim gürcü pul vahidlərinin adıdır.
Gürcüstan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin 2 avqustunda qəbul olunmuş “Gürcüstan Milli Bankı haqqında” qanuna əsasən, ölkədə pul nişanlarının buraxılması səlahiyyəti yalnız Milli Banka verildi. Daha sonra yaradılan hökumət komissiyası milli valyutanın dizaynı və tərkibi üzərində işləməyə başladı. Bu prosesdə tanınmış gürcü rəssam və heykəltəraşlar – Elguja Amaşukeli, Gia Buğadze, Mamuka Qonqadze, Nodar və Baça Malazonia iştirak edirdilər.
1992-ci il 7 avqustda komissiyanın qərarı ilə milli valyutanın adı rəsmi olaraq “lari”, xırda pul vahidinin adı isə “tetri” müəyyən olundu.
Yeni valyuta, 1993-cü ildən dövriyyədə olan Gürcüstan kuponunu əvəz etdi.
Beləliklə, 30 il əvvəl – 2 oktyabr 1995-ci ildə Gürcüstanın iqtisadi müstəqilliyinin ən mühüm rəmzlərindən biri – lari rəsmən milli valyuta kimi tarixə düşdü.


