Avropa Şurasında Gürcüstanla bağlı debat keçiriləcək
Bu gün Avropa Şurası Parlament Assambleyasında (PACE) Gürcüstanla bağlı debatlar keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə assambleyanın rəsmi saytında yayılan məlumatda bildirilib.
Məlumata görə, Gürcüstan üzrə monitorinq məruzəçiləri — Portuqaliyadan Edite Estrela (Sosialistlər, Demokratlar və Yaşıllar qrupu) və Bosniya və Herseqovinadan Sabina Çudiç (Avropa Liberal Demokratlar Alyansı) “Gürcüstanda demokratiyanın və hüququn aliliyinin müdafiəsi” adlı qətnamə layihəsini təqdim edəcəklər.
Qətnamə layihəsində qeyd olunur ki, Gürcüstan hakimiyyəti beynəlxalq ictimaiyyətin paylaşdığı narahatlıqlara və tövsiyələrə sistematik şəkildə məhəl qoymur.
Sənəddə vurğulanır:
Gürcüstanda demokratiyanın sürətli geriləməsi nəticəsində ölkədə demokratiyanın mövcudluğu sual altına düşüb.
Hakimiyyətin Avropa institutları və üzv dövlətlərlə getdikcə daha təcridçi və qarşıdurmalı siyasəti tənqid olunur.
Beynəlxalq ictimaiyyətin üzvlərinə qarşı əsassız hücumlar və zərərli ittihamlar pislənilir.
Qətnamədə həmçinin yaxınlaşan yerli seçkilərlə bağlı narahatlıqlar da ifadə olunur. Müxalifət partiyalarının əksəriyyətinin seçkilərdə iştirakdan imtina etməsi, nüfuzlu yerli müşahidəçi təşkilatların prosesə buraxılmaması, ATƏT/DTİHB missiyasının isə bilərəkdən gec dəvət olunması vurğulanır.
Sənəddə əlavə olaraq qeyd olunur ki: Gürcüstanda müxalifət, media və vətəndaş cəmiyyətinə qarşı siyasi motivli təqiblər, repressiv qanunların qəbulu demokratik mühitə zərbə vurur. Mzia Amarlobeli kimi jurnalistlərin və bir sıra müxalif liderlərin əsassız həbsdə saxlanılması qəti şəkildə qınanır.Etirazçılara qarşı polis zorakılığı və işgəncə faktlarının araşdırılmaması Avropa dəyərlərinə ziddir. “Xarici agentlər haqqında” və “Xarici təsirin şəffaflığı haqqında” qanunlar Avropa standartlarına uyğun hesab olunmur və vətəndaş cəmiyyətinin mövcudluğunu təhlükə altına salır. Parlamentin “Milli Hərəkat” və ona bağlı partiyaları qadağan etməyə yönəlmiş təşəbbüsü ölkədə faktiki olaraq birpartiyalı diktatura yaradacağı üçün qəbuledilməzdir.
Assambleya Gürcüstan hakimiyyətini demokratik geriləməni dərhal dayandırmağa çağırır və bildirir ki, açıq və konstruktiv dialoq üçün hazırdır. Bu məqsədlə monitorinq komitəsinin məruzəçilərinin Gürcüstana səfəri dəstəklənir.


