İrakli Kobaxidze: “Xarici təsirin şəffaflığı haqqında” qanun ölkədə sabitliyin möhkəmlənməsinə kömək etdi
"Xarici təsirin şəffaflığı haqqında” qanun ölkədə sabitliyin təmin olunmasına və siyasi qütbləşmənin azaldılmasına böyük dəstək oldu."
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.
Kobaxidze biznes assosiasiyasının konfransında çıxışı zamanı vurğulayıb ki, biznes üçün əsas şərtlərdən biri siyasi sabitlikdir:
“Ölkədə siyasi sabitliyin və sakitliyin təmin olunması üçün maksimumu edirik. Bu illər ərzində bu istiqamətdə bir çox addımlar atılıb. Bəzi qərarlar ölkəyə qısamüddətli qeyri-sabitlik də gətirdi, lakin nəticə etibarilə həmin addımlar bizə vəziyyətin keyfiyyətcə sabitləşməsinə imkan verdi. Onların arasında xüsusilə ‘Xarici təsirin şəffaflığı haqqında’ qanun çox yardımçı oldu. Təəssüf ki, şəffaf olmayan xarici maliyyələşmə Gürcüstanda süni şəkildə qütbləşməni dərinləşdirmək üçün istifadə edilirdi. Bu qanun bizə imkan verdi ki, bu gün qütbləşmə səviyyəsi azalsın, radikal qüvvələrin isə öz gündəliklərini həyata keçirmək imkanı qalmasın. Hazırda ölkədə sakit vəziyyət var, qarşımızda yerli özünüidarəetmə seçkiləri dayanır. Düşünürük ki, seçkilər sakit keçəcək. 4 oktyabra dair müəyyən qeyri-ciddi anonslara baxmayaraq, ölkənin sakit inkişafı davam edəcək,” – deyə Kobaxidze bildirib.


