Marneulidə zorakılığa qarşı ictimai etiraz - Samirə Bayramovanın məktubu
İctimai fəal Samirə Bayramova Marneuli Bələdiyyə sədri Amiran Giorgadzeyə açıq məktub ünvanlayıb.
InterPress.ge xəbər verir ki, ictimai fəal Marneulidə azyaşlıya qarşı olan zorakılığın birbaşa qanun pozuntusu və cinayət xarakterli hadisə olduğunu bildirib.
"Marneuli Bələdiyyə sədrinə açıq məktub!
Hörmətli Amiran bəy, Amiran Giorgadze
Sizin müavinlərinizdən biri olan cənab Riçard Qiganinin övladının Marneulidə azyaşlıya qarşı zorakı hərəkətləri və etnik-milli zəmində nümayiş etdirdiyi davranış yalnız səhv deyil, birbaşa qanun pozuntusu və cinayət xarakterli hadisədir. Siz özünüz də çox yaxşı bilirsiniz ki, bu həmin şəxsin birinci hərəkəti deyil. Sözügedən şəxsin eyni zamanda sizin əməkdaşınız olması məsələni daha da ağırlaşdırır və ictimaiyyətdə haqlı narazılıq doğurur. Hər dəfə Marneuli ərazisində zorakılıq baş verəndən biz onda bilirik ki, bu şəxs bələdiyyədə çalışırmış.
Təəssüf ki, Marneuli bələdiyyəsi cəmiyyətdə getdikcə ailəvi maraqlara xidmət edən bir struktur təsiri bağışlayır. Təhsil, peşəkar bilik və təcrübəsi olmayan şəxslərin mühüm vəzifələrdə təmsil olunması şəffaflıq və ədalətlilik prinsiplərinə ziddir. İctimaiyyət haqlı olaraq soruşur: belə şəxslər hansı əsasla bu vəzifələrdədir və onların fəaliyyətindən hansı fayda gözlənilir?
Sizin bu hadisə ilə bağlı açıqlamanız “zorakılığı pisləyirəm, baş verənləri arzuolunmaz və pis fakt kimi qiymətləndirir və Qiqaninin qəsdən zorakılıq etmədiyini, sərxoş olduğunu və səhv etdiyini hesab edirəm” deməyiniz nə adekvat, nə də ədalətlidir. Bu birbaşa başqa zorakı şəxsləri cinayətə həvəsləndirməkdir, onlar da içib, başqa şəxsə zərər verə bilər və onda nə siz nə də polis bu hadisələrin qarşısını ala bilməz. Bu cinayəti gizlətməyə cəhd etmək özü də qanun pozuntusudur. Məsələni ört-basdır etmək cəhdləri isə ictimai etimadı daha da zədələyir. Unutmayın ki, Marneuli xalqı uzun illərdir sizə etimad göstərmiş, azərbaycanlı icması da azərbaycanlı merlərdən çox sizə xüsusi hörmət bəsləmişdir. Bu etimadı itirmək, sadəcə şəxsi nüfuzunuza deyil, bütövlükdə bölgədəki ictimai sabitliyə zərbə vuracaqdır. İnsan yediyi qapa tüpürlməməlidir.
Qeyd etmək istərdim ki, Marneuli qanunla deyil, çox vaxt sifariş və təzyiqlə idarə olunur. Əgər siz də bu təzyiqlərə boyun əyərək hadisəni yumşaltmağa çalışsanız, nəticələr ağır olacaq: millətlərarası münasibətlərdə gərginlik artacaq, vətənə bağlılıq zəifləyəcək və dövlətə inam ciddi şəkildə sarsılacaqdır.
Biz gözləyirik ki, siz bu məsələdə prinsipial və qəti mövqe nümayiş etdirəsiniz. Bu, yalnız sizin şəxsi nüfuzunuz üçün deyil, həm də dövlətçilik və vətəndaş həmrəyliyi üçün zəruridir. Mamuka Qiqani ilə yanaşı Tornike Mtvarelidze də bələdiyyədən uzaqlaşdırılmalıdır. Az yaşlıya öz vətəninə get deyən Tornike hansı üzlə bu xalqa xidmət göstərəcək? Xalq Müdafiəçisi dəfələrlə öz hesabatında dövlət məmurlarının etnik azlıqlara qarşı kobud davranışına görə bələdiyyələrə daima tövsiyyələr təklif edib.
Unutmaq olmaz ki, vəzifədən irəli gələn məsuliyyət kreslo ilə ölçülmür – vicdan, ədalət və cəsarət tələb edir."-deyə Samirə Bayramova yazıb.


