Oktyabr ayında Rusiyadan Gürcüstana aviabiletlər ucuzlaşıb
Oktyabr ayında Rusiyadan beynəlxalq reyslər arasında Gürcüstan istiqamətinə biletlərin orta qiyməti sentyabra nisbətən 8% azalıb. Bununla da Gürcüstan ən çox ucuzlaşan istiqamətlərin beşliyində dördüncü yeri tutur.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı rusiyalı Aviasales biletlər xidməti açıqlayıb.
Araşdırmaya görə, biletlərin ən böyük ucuzlaşması Qazaxıstana (-12%) reyslərdə qeydə alınıb. Daha sonra Türkiyə (-10%), Ermənistan (-10%), Gürcüstan (-8%) və Özbəkistan (-8%) gəlir.
Moskva şəhərindən ən ucuz beynəlxalq reyslər arasında Batumi üçüncü yerdə qərarlaşıb. Buraya biletlərin qiyməti 9 400 rubl (təxminən 113 ABŞ dolları) məbləğindən başlayır. Siyahıda Batumini yalnız İrəvan (7 500 rubl – 90 dollar) və İstanbul (8 900 rubl – 107 dollar) qabaqlayır. Ardınca Daşkənd (10 500 rubl – 126 dollar) və Astana (10 700 rubl – 129 dollar) gəlir.
Sankt-Peterburqdan ən ucuz beynəlxalq istiqamətlər sırasında isə Tbilisi beşinci yeri tutur. Buraya biletlərin orta qiyməti 17 500 rubl (210 dollar) təşkil edir. Ən əlçatan istiqamətlər isə İrəvan (11 000 rubl – 132 dollar), Astana (11 400 rubl – 137 dollar), İstanbul (14 000 rubl – 168 dollar) və Urgenç (17 000 rubl – 204 dollar) olub.
Ümumilikdə, Rusiyadan sifariş olunan beynəlxalq aviareyslərin payı ümumi bilet satışlarında 44%-ə çatıb.


