12 
Sen
2025
11:51
282

Son 24 saatda narkotik cinayətlərinə görə 42 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi son 24 saat ərzində ölkə miqyasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 42 nəfəri narkotik cinayətlərinə görə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə nazir müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti iri həcmdə narkotik alverçiləridir, bir qisminə isə xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.

Daraxvelidze bildirib ki, əməliyyatlar Baş Prokurorluqla birgə Tbilisidə və regionlarda aparılıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Məhkəmə qərarına əsasən aparılan gizli istintaq hərəkətləri – audio və video qeydlər sübut edib ki, saxlanılanların çoxu narkotik satış sxemində iştirak edirdi. Onlar internet tətbiqləri vasitəsilə narkotikləri əvvəlcədən müəyyən edilmiş yerlərə yerləşdirir, sonra isə alıcılara bu barədə məlumat göndərirdilər.

Əməliyyat zamanı böyük miqdarda müxtəlif narkotik vasitələr müsadirə olunub. Onların qara bazarda satışa çıxarılması planlaşdırılırdı. Əldə olunan maddələr arasında heroin, kokain, alfa-PVP, buprenorfin, suboxone, metadon, ketamin, mefedron, MDMA, marixuana və digər narkotiklər var.

Nazir müavininin sözlərinə görə, bu cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur:

“Daxili İşlər Nazirliyinin məqsədi narkotiklərin zərərli təsirindən cəmiyyəti qorumaq və bu cinayətkar sxemlərdə iştirak edən bütün şəxsləri aşkarlamaqdır”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər