MSK sözçüsü: “Təəssüf ki, ODIHR müşahidə missiyası seçkilərdə iştirak etməyəcək”
Mərkəzi Seçki Komissiyasının (MSK) sözçüsü Natia Ioseliani ATƏT/ODIHR-in Gürcüstanda 4 oktyabrda keçiriləcək yerli seçkilərə müşahidə missiyası göndərə bilməyəcəyi ilə bağlı qərarına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, sağlam seçki mühitinin yaradılması üçün müşahidəçilərin iştirakı vacibdir:
“Biz bütün təşkilatların qeydiyyata alınmasına hazırıq. Təəssüf ki, ODIHR bu seçkilərdə iştirak etməyəcək, baxmayaraq ki, onlara 4 oktyabr seçkilərində müşahidə aparmaq təklif olunmuşdu. Hazırda 16 beynəlxalq və 9 yerli müşahidəçi təşkilatı qeydiyyatdan keçib. Qeydiyyat müddəti isə davam edir – yerli müşahidəçilər üçün 24 sentyabr, beynəlxalq təşkilatlar üçün 27 sentyabr, media üçün isə 29 sentyabra qədər vaxt var”.
Ioselianinin sözlərinə görə, MSK üçün həm yerli, həm də beynəlxalq müşahidəçilərin iştirakı ənənəvi olaraq vacib əhəmiyyət daşıyır.
Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODIHR) direktoru Mariya Telalyan bildirmişdi ki, Gürcüstan hökumətinin müşahidəçiləri seçkilərə bir aydan az qalmış dəvət etməsi səmərəli və etibarlı müşahidəni mümkünsüz edir. Buna görə ODIHR missiya göndərə bilməyəcəyini açıqlayıb.


