Prokurorluq şəxsi həyatın məxfiliyini pozmaqda təqsirləndirilən şəxsi saxlayıb
Gürcüstan Prokurorluğunun əməkdaşları şəxsi həyatın məxfiliyinə dair məlumatların qanunsuz saxlanılması və yayılması faktına görə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Rəsmi açıqlamaya görə, Qərbi Gürcüstan dairə prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin şəxsi həyatına dair gizli məlumatları qanunsuz şəkildə saxlayıb və həmin məlumatları yaymaqla hədələyərək, zərərçəkmişi eyni məzmunlu fotoşəkilləri yenidən göndərməyə məcbur edib.
“Təqsirləndirilən şəxs 9 sentyabr tarixində saxlanılıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157^1-ci maddəsinin birinci hissəsi (şəxsi həyatın məxfiliyinə dair məlumatların qanunsuz saxlanması və istifadəsi) ilə ittiham irəli sürülüb. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.”
Prokurorluq, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edəcəyini də bildirib.
Qurum ictimaiyyətə xatırladıb ki, Gürcüstan Prokurorluğu bu tip cinayətləri törədən şəxslərə qarşı sərt cinayət-hüquqi siyasət yürüdür.


