Prokurorluq iki şəxsə qarşı saxta pul dövriyyəsi ittihamı irəli sürüb
Marneuli rayonunun Lejbəddin kəndində yerləşən iki valyutadəyişmə məntəqəsində əvvəlcədən razılaşdırılmış şəkildə külli miqdarda saxta pul dövriyyəyə buraxmaqda şübhəli bilinən iki xarici ölkə vətəndaşına qarşı rəsmi ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Prokurorluğun açıqlamasında bildirilir ki, Gürcüstan Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin İstintaq Xidmətinin apardığı araşdırma nəticəsində, şübhəlilərin ümumilikdə 7 ədəd 500 avroluq saxta əskinası dövriyyəyə buraxdığı müəyyən edilib. Bu saxta əskinaslarla həyata keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 10 765 lari maddi zərər vurulub.
Şübhəlilər 6 sentyabr 2025-ci il tarixində saxlanılıb və onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsinin “a” və “g” bəndləri (saxta valyutanın saxlamaq məqsədi ilə əldə edilməsi və dövriyyəyə buraxılması, qabaqcadan razılaşdırılmış qrup tərəfindən və külli miqdarda) ilə ittiham irəli sürülüb. Həmin maddə üzrə cəza olaraq 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Prokurorluğun təqdimatı əsasında, məhkəmə tərəfindən hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, məsələnin təfsilatı və eyni şübhəlilərin digər oxşar cinayətlərdə iştirak edib-etmədikləri ilə bağlı istintaq davam edir.


