Kaxa Kaladze: “Heç bir inqilab və qarşıdurma olmayacaq – Qanunsuzluğa cəhd edənə cavab veriləcək”
"Hər hansı qanunsuzluq halında sərt reaksiya veriləcək"
InterPress.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze müxalifətin “hakimiyyətin dinc yolla devrilməsi” ilə bağlı açıqlamalarına münasibət bildirib.
Kaladzenin sözlərinə görə, müxalifət təxribat xarakterli fikirlər səsləndirərək tərəfdarlarını ruhlandırmağa çalışır:
“Heç bir şey olmayacaq. Levan Xabeişvili ciddi fiqur deyil və onun açıqlamaları maraqlı deyil. Öz tərəfdarlarını gücləndirmək üçün yeni-yeni cəfəng fikirlər uydururlar. Heç bir inqilab və qarşıdurma olmayacaq. Əgər kimsə qanunsuz hərəkət edərsə, müvafiq reaksiya veriləcək. Qoy cəsarətləri çatıb nəsə qanunsuz etsinlər.”
Kaladze əlavə edib ki, müxalifət partiyaları arasında təhqir və qarşılıqlı ittihamlar yeni deyil:
“Bu onların adi gündəmidir. Artıq bir-birlərinə qarşı çıxır, təhqir edirlər. Mən müxalifət barədə danışmaq istəmirəm. Hazırda seçki kampaniyası rejimindəyəm, Tbilisi sakinləri ilə görüşürəm, görülən işlərdən, planlaşdırılan və həyata keçiriləcək layihələrdən, çətinliklərdən və çağırışlardan danışıram. Müxalifətdə fikir ayrılığı olduğu açıqdır. Yəqin ki, öz aralarında aydınlaşdıracaqlar.”


