Kobaxidze: “Reytinqimiz parlament seçkiləri öncəsi göstəricidən xeyli yüksəkdir, bu dəfə 60%-dən çox səs gözləyirik”
"Hazırkı şəraitdə iqtidar partiyasının reytinqi parlament seçkiləri öncəsi göstəricidən xeyli yüksəkdir və gözlənilir ki, bu dəfə 60 faizdən artıq səs toplayaq".
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, radikal müxalifət parçalanmış vəziyyətə gəlib və bu, seçki mübarizəsini “Gürcü Arzusu” üçün daha da asanlaşdırır:
“Radikal müxalifət iki hissəyə bölünüb – bir tərəf seçkilərdə iştirak etməyi xəyanət adlandırır, digər tərəf – Xazaradze və Qaxarianın partiyaları isə seçkilərə qatılır. Bu parçalanma taktiki baxımdan bizim xeyrimizədir. 64 bələdiyyənin hamısında mer və sakrebulo seçkilərinin qələbə ilə nəticələnəcəyini gözləyirik. Paytaxt da daxil olmaqla bütün şəhərlərdə mer seçkilərini ilk turda udacağıq. Bu, təkcə real perspektiv deyil, həm də artıq fakt kimi dəyərləndirilə bilər, çünki bunu bizim araşdırma təşkilatlarının təqdim etdiyi reytinqlər də təsdiqləyir”.
Kobaxidze həmçinin Mixeil Qavelaşvilinin “Lelo – Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridzeni əfv etməsinə də münasibət bildirib:
“Bizim üçün əsas olan öz mövqeyimizi ifadə etməkdir. Reaksiyalar bizim üçün önəmli deyil. Bizim qərarımız ATƏT/ODİHR qarşısında tam açıq mövqeyimizi göstərir. Əsas olan obyektiv həqiqət və real vəziyyətdir”.
Baş nazir vurğulayıb ki, müxalifətin hazırkı vəziyyəti həm onların öz hərəkətlərinin, həm də xarici “himayədarlarının” nəticəsidir və bu, iqtidarın seçkilərdə daha güclü mövqeyini təmin edir.


