03 
Sen
2025
12:48
165

Ombudsman və MSK siyasi partiyalara və namizədlərə çağırış edir

Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) və Mərkəzi Seçki Komissiyası (MSK)  siyasi partiyaları, namizədləri və seçki prosesinə cəlb olunmuş bütün tərəfləri ədalətli, sülh şəraitində və bərabər əsaslarla seçki mühitinin formalaşdırılmasına dəstək verməyə çağırıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Omdusman və MSK birgə bəyanatında bildirib.

Bəyanatda qeyd olunur ki, 2025-ci il 4 oktyabr tarixinə təyin olunmuş bələdiyyə seçkiləri ilə bağlı seçki kampaniyası artıq başlayıb və təcrübə göstərir ki, əvvəlki illərdə seçki dövrü güclü siyasi qütbləşmə ilə müşayiət olunub. Ombudsman və MSK bildirirlər ki, demokratik cəmiyyətin əsasını sağlam seçki mühiti təşkil edir və burada nifrət dili, şəxsi hücumlar və diskriminasiya təbliği yolverilməzdir.

Qurumların açıqlamasında vurğulanır ki, təəssüf ki, seçki subyektlərinin bəyanatlarında dəfələrlə nifrət dilindən istifadə və müxtəlif əlamətlərə görə ayrı-seçkiliyin təşviqi faktları qeydə alınıb. Bu hallar seçki prosesinə cəmiyyətin etimadını zəiflədir, bərabər və sakit mühitin formalaşmasına mane olur.

Bəyanatda həmçinin siyasi liderlərə, namizədlərə və onların tərəfdarlarına müraciət olunaraq, yüksək siyasi və ictimai məsuliyyət nümayiş etdirmələri, nifrət ritorikasından və zorakılıqdan imtina etmələri, seçki kampaniyalarını proqram əsaslı və konstruktiv müzakirələr üzərində qurmağa çağırış edilir.

Xüsusi vurğu medianın roluna edilib. Ombudsman və MSK qeyd edirlər ki, seçki prosesinin azad və ədalətli keçirilməsi üçün media obyektiv informasiya yaymalı, yüksək peşəkarlıq nümayiş etdirməli və nifrət ritorikasına vaxtında və adekvat reaksiya verməlidir.

“Nifrət dilinin qarşısının alınması və ona adekvat reaksiya göstərilməsi seçki prosesinin bütövlüyünü qorumaq və sağlam seçki mühitini təmin etmək üçün zəruridir. Bu isə həm də ədalətin, konstruktiv siyasi diskussiyanın və insan hüquqlarının qorunmasının qarantıdır,” – bəyanatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın