01 
Sen
2025
14:05
275

Kaxa Kaladze: “ABŞ-la münasibətlərin yeni səhifədən başlaması prinsipial əhəmiyyət daşıyır”

“Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstan prezidenti Mixail Kavelaşvilinin ABŞ prezidenti Donald Trampa ünvanladığı açıq məktuba münasibət bildirib.

Kaladze vurğulayıb ki, ABŞ-la münasibətlərin yeni səhifədən başlanması Gürcüstan üçün prinsipial məsələdir:

“Prezidentin hər bir fikri ilə tam razıyam. Çox vacibdir ki, münasibətlər yeni səhifədən başlansın. ABŞ-la əlaqələrin sıfırdan qurulması bizim üçün prinsipial əhəmiyyət daşıyır. Biz dostluğa, əməkdaşlığa, tərəfdaşlığa hazırıq və bu, qarşılıqlı olmalıdır. Paralel olaraq, prezident Trampın həm ‘dərin dövlətlə’ mübarizəsində, həm də müharibələrin dayandırılmasında uğur qazanmasını arzulayırıq. Bu, bizim ölkəmiz üçün də önəmlidir”.

O, ABŞ-ın əvvəlki administrasiyasını isə kəskin tənqid edib:

“Keçmiş administrasiyanın dövründə baş verənlər tam bir fəlakət idi və bu, qəbuledilməzdir. O vaxtkı nümayəndələrin bütün açıqlamaları yalan, təhdid və çirkin təbliğatla dolu idi. Onlar ağın üzərində qaranı sübut etməyə çalışır, açıq-aşkar təhqir edirdilər. Bu, qəbuledilməzdir və biz bunu dəfələrlə bəyan etmişik. Bizim mövqeyimiz aydındır – münasibətləri yeni səhifədən başlamaq istəyirik. Keçmişdə baş verənlər isə tamamilə qəbuledilməzdir”.

Kaladze sonda qeyd edib ki, Gürcüstan hökuməti ABŞ-la strateji tərəfdaşlığı gücləndirmək üçün hər cür əməkdaşlığa hazırdır.

Bizimlə əlaqə saxlayın