Dmanisidə azərbaycanlı gənclərin “Yay düşərgəsi” təşkil olunub - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçılığı ilə 25–28 avqust 2025-ci il tarixlərində Marneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və Dmanisi rayonlarından olan 25 gəncin iştirakı ilə Dmanisi rayonunun Armudlu kəndində “Yay düşərgəsi” keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Armudlu gölü ətrafındakı dağ və meşə mənzərəsi ilə əhatə olunmuş ərazidə baş tutub.
Düşərgənin proqramına uyğun olaraq, gənclər Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat alıb, rayonun tarixi abidələrini və mədəniyyət ocaqlarını ziyarət ediblər, intellektual oyunlar və əyləncəli proqramlarda iştirak ediblər. Düşərgənin ilk günü iştirakçılar Tbilisidə yerləşən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Açılış mərasimində “Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov gənclərə düşərgənin onların biliklərini artırmaq, yeni dostlar qazanmaq və Azərbaycan dili dərsləri ilə yanaşı intellektual oyunlarda fəallıq göstərmək üçün mühüm imkanlar yaradacağını bildirib. Komitənin məsul əməkdaşı Sabit Məmmədov isə vurğulayıb ki, Gürcüstanda yaşayan gənclərin inkişafı prioritet istiqamətlərdəndir və bu cür tədbirlər milli kimliyin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O, həmçinin Azərbaycan–Gürcüstan dostluğunun inkişafında Heydər Əliyev siyasətinin mühüm rolunu qeyd edib və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Düşərgənin ikinci günündə iştirakçılar Dmanisi Tarix Muzeyini ziyarət edib, rayonun yaranma tarixi ilə tanış olublar, daha sonra Milli Parkda təşkil olunmuş əyləncə proqramında iştirak ediblər. Üçüncü gün isə gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi Aşıq Kamandar Qurbanovla görüşüblər. O, Azərbaycan aşıq sənətinin qədim tarixə malik olduğunu, ozan və dədə ənənələrinin bu günə qədər yaşadığını gənclərin diqqətinə çatdırıb. Gənclər daha sonra VI əsrə aid Dmanisi Sionisi məbədini də ziyarət ediblər.
Düşərgə çərçivəsində hüquqşünas Əli Bədirov “Gürcüstan qanunları və Konstitusiyası” mövzusunda mühazirə oxuyaraq nikah yaşı ilə bağlı qanunvericilik dəyişiklikləri barədə gənclərə ətraflı məlumat verib.
Düşərgənin sonunda təlim və əyləncə proqramlarında fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.




