Zurabişvili: “Qeyri-hökumət təşkilatlarına qarşı ittihamlar absurddur və repressiv rejimin formasıdır”
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili brifinq zamanı ölkədə qeyri-hökumət təşkilatlarına qarşı baş verənlərə və onlara yönəldilən ittihamlara münasibət bildirib. O, QHT-lərin aktivlərinin dondurulmasını “absurd ittiham” və “repressiv rejimin forması” adlandırıb.
Zurabişvilinin sözlərinə görə, hökumət Gürcüstanı sürətlə Rusiyaya bənzər bir idarəçilik modelinə aparır:
“Hamımız anlamalıyıq ki, bu hakimiyyət Gürcüstanı daha bir addım Rus modelinə yaxınlaşdırdı və rus rejiminin formalaşması çox sürətli templə davam edir. Bu gün QHT-lərə qarşı baş verənlər və irəli sürülən ittihamlar absurddur və yalnız repressiv rejimin formasıdır. Yeganə fərq odur ki, Gürcüstanda bu proses Rusiyadan daha sürətlə inkişaf edir”.
Keçmiş prezident həmçinin məhkəmə proseslərinə də toxunub və onları əsassız adlandırıb:
“Qeyri-hökumət təşkilatlarına qarşı hücumların şahidi oluruq. Digər tərəfdən, doqquz aylıq həbsdən sonra yekun proseslərə keçirik. İrəli sürülən ittihamlar ağır, lakin tamamilə əsassızdır. Heç bir sübut yoxdur. Əgər buna alışsaq, demək, ölkəni Rusiyaya təslim edirik. Mən inanmıram ki, Gürcüstan təslim olmağa hazırdır. Əgər belə düşünsəydim, burda olmazdım. Mən əminəm ki, Gürcüstan heç vaxt təslim olmayacaq”.
Zurabişvili həmçinin 4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edən müxalifət partiyalarına da müraciət edib:
“Mənim üçün mümkün deyil ki, seçkilərə qatılan partiyalara müraciət etməyim. Haradayıq biz? Haradadır ölkə? Və hansı seçki kampaniyasından danışırıq ki, kimisə inandıraq bu seçkilərin nəyisə dəyişəcəyinə? Bizim əsas vəzifəmiz ölkənin gələcəyini, Gürcüstanın müstəqilliyini qorumaqdır”.


