QHT-lər: “Qadağalara və repressiyalara baxmayaraq fəaliyyətimizi davam etdirəcəyik”
Gürcüstanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları bank hesablarının dondurulmasına cavab olaraq birgə bəyanat yayıblar.
InterPress.ge xəbər verir ki, bəyanat Tbilisidə keçirilən brifinqdə “Açıq Cəmiyyət – Gürcüstan” Fondunun icraçı direktoru Keti Xutsişvili tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, yeddi müstəqil təşkilatın bloklanması İvanişvilinin hakimiyyətinin növbəti qanunsuz addımıdır ki, bu da vətəndaşların fundamental hüquqlarını pozur və Avropa inteqrasiyası prosesinə sabotaj məqsədi daşıyır.
“Bu gün Prokurorluq absurd istintaq çərçivəsində Gürcüstanın işinə xidmət edən, vətəndaşlara dəstək göstərən və Avropa gələcəyi uğrunda mübarizə aparan 7 təşkilatın hesablarını dondurdu. Qadağanın əsası kimi bizim işgəncə qurbanlarına, vicdan məhbuslarına və cərimələnmiş vətəndaşlara göstərdiyimiz kömək göstərilir. Qanunsuz qərar heç bir faktiki əsaslandırmaya malik deyil, hakim sadəcə şablon sitatlara istinadla qərar qəbul etdi”, – deyə Xutsişvili bildirib.
Təşkilatlar bəyan ediblər ki, bu addım onların uşaqların, qadınların, əlilliyi olan şəxslərin, tələbələrin, qanunsuz saxlanılanların, işçilərin və yaşlıların hüquqlarını müdafiə etməsini əngəlləməyə yönəlib. Onların sözlərinə görə, hakimiyyət istəyir ki, artıq ədalətsizlik, korrupsiya, işgəncə və sistemli zorakılıq halları araşdırılıb işıqlandırılmasın, beynəlxalq məhkəmələrdə müdafiə davam etdirilməsin.
“Onlar təkcə Avropa inteqrasiyasının gələcəyini sabotaj etmək istəmirlər, həm də gürcü xalqının artıq əldə etdiyi ən böyük neməti – vizasız gediş-gəliş hüququnu əlimizdən almağa çalışırlar. Biz fəaliyyətimizi dayandırmayacağıq. Qadağalara, repressiyalara və hədələrə baxmayaraq, gürcü xalqı ədalət və hüquqlar uğrunda mübarizə apardıqca biz də işimizi davam etdirəcəyik. Avtoritar qaydalara və rus qanunlarına qarşı çıxacağıq və konstitusiyada təsbit olunmuş Avropa yolunu qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Biz vizasız rejimin qorunması və Gürcüstanın demokratik gələcəyi uğrunda mübarizəni davam etdirəcəyik”, – deyə təşkilatların birgə bəyanatında vurğulanır.


